Seçkidə 3 faizdən az səs toplayan namizəd dövlətin ona təbliğat-təşviqat üçün ayırdığı 28 min 800 manatı qaytarmalıdır. Əks halda qanunla Mərkəzi Seçki Komissiyası namizədləri məhkəməyə verməlidir.
Bunu MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.
Seçkinın ilkin nəticələrinə görə, hazırda yalnız Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 3 faizlik baryeri keçib. A.Sarıyev bildirib ki, MSK-nın yaydığı ilkin rəqəmlərlə rəsmi rəqəmlər arasında elə də ciddi fərq olmur: «Məntəqələrdən verilən ilkin informasiya elə hesabatlara əsaslanaraq email vasitəsilə mərkəzə ötürülür. Hazırda www.infocenter.gov.az saytında namizədlərin topladığı səs göstəriciləri ilkin nəticələrdir və email, yaxud telefon vasitəsilə verilən informasiyalara əsaslanıb».
Qanuna görə, rəsmi nəticələr bəlli olandan sonra prezidentliyə namizədlər vəsaitləri qaytarmağa başlamalıdır. A.Sarıyevin sözlərinə görə, 3 faizlik baryeri keçməyən namizəd vəsaiti qaytarmaq iqtidarında deyilsə, bu barədə MSK-ya məlumat verməlidir: «Onlar yazılı şəkildə MSK qarşısında öhdəlik götürməlidilər ki, 12 ay müddətində bu vəsaiti geri qaytaracaqlar».
Bütün namizədlərin MSK-ya yekun maliyyə hesabatları verməsinin mütləq olduğunu deyən A.Sarıyev əlavə edib ki, 3 faizlik baryeri aşan namizədlər bu vəsaitin xərclənməyən hissəsini geri qaytarmalıdılar.