Yanvarın 21-dən etibarən Bakı Metropoliteninin “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaq.
Metropolitendən “APA-Economics”ə verilən məlumata görə, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, 28 May stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanacaq. Sərnişinlər bu müddət ərzində “28 May” stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və “Cəfər Cabbarlı” stansiyasının girişindən (“28 May” stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.
“Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissəsində aparılacağından “28 May” metro stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq. Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir”, – deyə müəssisədən bildirilib.
Apa.az