2013-cü ildə Azərbaycanda 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib

2013-cü ildə Azərbaycanda 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilibDaxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2013-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, demokratik dəyərlərin möhkəmlənməsinin, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsinin bütövlükdə Daxili İşlər Nazirliyinin və onun orqan və hissələrinin, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də üzərinə mühüm tapşırıqlar qoyduğunu, ümumən onların öhdəsindən layiqincə gəlindiyini xatırlatmışdır. Ötən il cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş yüksək göstəricilərdən bəhs edən nazir bu işdə Baş İdarənin də önəmli rolu olduğunu qeyd etmiş, qazanılmış uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə olan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirmişdir.
Hesabat dövründə görülmüş işlər və əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə məruzə ilə Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov çıxış etmişdir. O, demişdir ki, ötən dövrdə cinayətkar qrupların formalaşma mərhələsində aşkarlanmasına, qanunsuz saxlanılan və gəzdirilən silah, sursat və partlayıcı maddələrin aşkarlanmasına, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə xüsusi diqqət yetirilmişdir. Həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 129 cinayət faktı müəyyən edilmiş, açılması təmin olunmuş 12 fakt üzrə materiallar istintaq aidiyyəti üzrə göndərilmişdir.
Ötən il respublika üzrə 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilmişdir. Onlar tərəfindən bütövlükdə 131, o cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə, narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilmişdir. Dəstə üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı qurğu götürülmüşdür. Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı 21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunmuşdur.
Məruzəçi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da etiraf etmiş, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran general-polkovnik Ramil Usubov şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətini ümumən yüksək qiymətləndirmiş, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyyələrini vermişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO