Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu 15 oktyabr 2008-ci il tarixdə keçirilmiş prezident seçkiləri ərəfəsində Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı rəy və təkliflər hazırlamış, 1 avqust 2008-ci il tarixdən başlayaraq kütləvi informasiya vasitələrinin (10 aparıcı qəzetin, 7 mərkəz televiziya kanallarının və 3 İnternet xəbərlər saytının) və seçki kampaniyası dövründə vətəndaşların sərbəst toplaşma hüquqlarının təmin edilməsinin monitorinqini keçirmiş, səsvermə günü Bakı, Sumqayıt, Gəncə, Göyçay, Quba, Cəlilabad, Şəmkir, Yevlax, Xırdalan şəhərlərində 87 seçki məntəqəsində səsvermə prosesini izləmişdir. Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu aparılmış araşdırmalar və monitorinqlər əsasında aşağıdakı nəticələrə gəlmişdir:
1. Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişiklər ümumilikdə seçki institutlarının daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, vətəndaşların seçki hüququnun təmin edilməsi imkanlarını yaxşılaşdırmağa xidmət etmişdir. Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişiklər zamanı AŞ Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bir sıra təklif və tövsiyyələri nəzərə alınmışdır. Hesab edirik ki, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər seçkilərin azad, ədalətli, demokratik və şəffaflıq şəraitində keçirilməsi imkanlarını daha da artırmışdır.
2. Prezidentliyə namizəd kimi 7 nəfər qeydə alınmışdır ki, bunların 6 nəfəri müxtəlif partiyaların rəhbərləri, 1 nəfər isə bitərəfdir. Seçki kampaniyası dövrü ölkədə stabilliyin qorunub saxlanması şəraitində aparılmışdır. Lakin bir sıra siyasi partiyaların rəhbərlərinin seçkilərdə iştirak etməyəcəkləri barədə qərarları təəssüf doğurur. Belə ki, bu qərarların qəbul edilməsi həmin partiyaların üzvlərinin hüquqlarını reallaşdırmaq imkanlarını məhdudlaşdırmışdır və siyasi partiyaların ölkədə gedən sosial-siyasi proseslərdə iştirak etmək kimi əsas məqsədilə ziddiyyət təşkil edir. Eyni zamanda hesab edirik ki, belə bir qərarın qəbul edilməsi seçki kampaniyasının ümumi mühitinə, seçicilərin fəallığına və seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir etməmişdir.
3. Seçki kampaniyası dövründə monitorinqi keçirilmiş KİV-lər bütövlükdə namizədlərin təbliğat və təşviqatını bitərəf və qərəzsiz olaraq işıqlandırmışlar. Eyni zamanda namizədlərdən biri seçki kampaniyası zamanı həm hakimiyyət nümayəndələrinin, həm də müxalif düşərgəni təmsil edən ayrı-ayrı vətəndaşların ünvanına bir sıra yolverilməz ritorikadan istifadə etmişdir ki, bu da Mərkəzi Seçki Komissiyasının diqqətindən kənarda qalmamış və MSK tərəfindən həmin namizədə ciddi irad tutulmuşdur.
4. Namizədlərin seçki kampaniyaları əsasən mitinqlər və konfrans zallarında, iclas salonunda görüşlər formasında həyata keçirilmişdir. Namizədlərdən 2 nəfəri öz seçki kampaniyalarını informasiya texnologiyalarının (elektron məktubları və s.) imkanlarından istifadə etməklə həyata keçirməyə üstünlük vermişlər. Seçki kampaniyalarının aparılması zamanı yerli icra hakimiyyətləri, hüquq-mühafizə orqanları və digər hakimiyyət səlahiyyətliləri tərəfindən hər hansı müdaxilə qeydə alınmamış, namizədlər hakimiyyət səlahiyyətliləri tərəfindən süni şəkildə yaradılmış ciddi maneə və əngəllərlə üzləşməmişlər və bu barədə onlar tərəfindən şikayət edilməmişdir.
5. Səsvermə günü Bakı, Sumqayıt, Gəncə, Göyçay, Quba, Cəlilabad, Şəmkir, Yevlax və Xırdalan şəhərlərində müşahidə aparılmış 87 məntəqələrdə seçicilərə məntəqə seçki komissiyasının üzvləri tərəfindən hər hansı bir təzyiqlərin edilməsi müşahidə edilməmiş, yerli icra strukturları səlahiyyətliləri, hüquq-mühafizə orqanları işçiləri tərəfindən öz hüquq və vəzifələrindən kənar hər hansı pozuntuya yol verilməsi müşahidə edilməmiş və səsvermə məntəqələrində çoxsaylı müşahidəçilərin olması qeydə alınmışdır. Səsvermə günü seçicilər öz səsvermə hüququndan istifadə edərək fəallıq göstərmiş, onların seçki məntəqələrində öz iradələrini sərbəst, gizli və şəxsən, hər hansı bir kənar təsir olmadan həyata keçirilməsi üçün bütün zəruri şərait yaradılmış, səsvermə prosesi, məntəqə seçki komissiyaları üzvləri tərəfindən seçki bülletenlərinin sayılması, səslərin hesablanması qanunvericilikdə müəyyən edilmiş normalar çərçivəsində həyata keçirilmişdir.
Qeyd olunanları nəzərə alaraq Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu bəyan edir ki, 15 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri azad, ədalətli, demokratik və şəffaflıq şəraitində, seçkilərin keçirilməsi sahəsində beynəlxalq standartlara hörmət və riayyət etməklə həyata keçirilmişdir. Hesab edirik ki, demokratik, hüquqi dövlət quruculuğu, ölkədə vətəndaş cəmiyyətinin formalaşması və inkişafı sahəsində irəliyə doğru atılmış addım kimi 15 oktyabr 2008-ci il prezident seçkiləri demokratik dəyərlərin daha da genişlənməsində Azərbaycan Respublikasının nailiyyətidir və ümid edirik ki, Azərbacan cəmiyyəti və hakimiyyəti bu fürsətdən yararlanaraq ölkədə demokratik institutların inkişaf etdirilməsi üçün səylərini daha da artıracaqlar.
Bəyanat Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun 16 oktyabr 2008-ci il tarixdə keçirilmiş iclasında qəbul edilmişdir.