15 gündə qanunsuz ovla məşğul olan 19 nəfər saxlanılıb


“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində keçirilən mütəmadi reydlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 01-15 dekabr 2014-cü il tarixlərində keçirilmiş reydlər zamanı qanunsuz ovla məşğul olan 19 nəfər saxlanılıb, onlardan 18 ov tüfəngi və 83 patron götürülüb. Qanunu pozmuş şəxslər barəsində akt və protokol tərtib olunaraq, ümumilikdə 19 131 manat məbləğində cərimə və iddia tətbiq edilib, 1 nəfərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.

Reydlər zamanı qanun pozucuları tərəfindən şəxsiyyətləri təsdiq edən və ov silahlarına dair sənədlərin təqdim edilməməsi, Nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi halları da baş verdiyindən brakonyerliklə məşğul olan şəxslər barəsində tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciətlər edilib.

Onun sözlərinə görə, son illərin statistikası əsasında aparılan təhlillər göstərir ki, ümumiyyətlə bu hallar yalnız qanunsuz ov edənlərin bu və ya digər formada cəzalandırılması ilə bitmir: “İcazəsiz və qanunsuz ov etmə nəticəsində bilavasitə insanların həyati təhlükəsinə yönələn fəsadlar baş verir, ölkə ərazisində dəfələrlə xoşagəlməz hallara rast gəlinir. Belə ki, “Azərovçu” tərəfindən verilmiş saxta ovçu biletləri daşıyan, lakin adi silahla davranma qaydalarını bilməyən şəxslər tərəfindən sonu faciə ilə bitən hadisələr törədilir. Belə bir faciəvi hal yenə də təkrarlanıb.

17 dekabr 2014-cü il tarixində səhər saat 5-6 radələrində İmişli rayonunun Məmmədli kəndi ilə Şərbətqobu Ovçuluq Təsərrüfatının arasında yerləşən su ərazisində Bakı şəhər sakini Akif Məmmədov və kənd sakini Hamlet Allahverdiyev brakonyerliklə məşğul olarkən A.Məmmədovun əlindəki ov tüfəngindən açılmış atəş nəticəsində H. Allahverdiyev dünyasını dəyişib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Hadisə ilə bağlı Şərbətqobu Ovçuluq təsərrüfatının işçiləri rayon polis şöbəsinə məlumat verib. Hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar araşdırma aparılır.

Araşdırma zamanı A.Məmmədova “Azərovçu” Cəmiyyəti tərəfindən 2009-cu ildə qanunsuz ov bileti verildiyi məlum olub. Bu hadisədən də göründüyü kimi, “Azərovçu”nun öz işçiləri və ölkə ərazisində fəaliyyət göstərən ovçuluq dükanlarının sahibləri vasitəsilə silahla adi davranma qaydalarını bilməyən şəxslərə imtahan keçirmədən üzvlük bileti əvəzinə saxta ovçuluq biletləri verməsi nəticəsində ov silahı ilə ehtiyatsız davranma bədbəxt hadisələrin sayının artmasına səbəb olur”.

TREND.AZ

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO