Azərbaycanda elektron hökumət sahəsində əldə edilən nailiyyətlər bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu barədə Əfqanistanın “The Kabul Times” və “Afghanistan Times” qəzetləri yazır.
Məqalələrdə qeyd olunur ki, bu uğurları BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə həyata keçirilmiş birgə layihələrlə, eləcə də Azərbaycanın elektron hökumət sahəsindəki potensialını gücləndirməsi ilə birbaşa əlaqələndirmək mümkündür. Əfqanıstan İslam Respublikası kimi keçid dövrü yaşayan bir çox inkişaf etməkdə olan ölkələr Azərbaycanın uğurlu təcrübəsini nəzərdən keçirir və bu təcrübədən faydalanmaq niyyətindədir.
Qəzetlər qeyd edir ki, Azərbaycanın Əfqanıstandakı inkişafa dəstəyi daha çox elektron hökumət sahəsində müşahidə olunur. Əfqanıstana göstərilən dəstəklə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin çıxışlarından irəli gələrək, Azərbaycanın Əfqanıstan hökumətinin müvafiq qurumları ilə əməkdaşlığı daha da güclənib. 2012-ci ildə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Əfqanıstanda inkişafa dəstək üçün BMTİP vasitəsi ilə 150.000 ABŞ dollar məbləğində vəsait ayrılıb.
Məqalələrdə qeyd olunur ki, Əfqanıstan hökuməti Azərbaycanla informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq etməyə böyük maraq göstərdiyini bir daha bəyan edib. Azərbaycanın elektron hökumət sahəsindəki nailiyyətlərini nəzərə alaraq, BMTİP-in hər iki ölkədəki ofisləri bu təşkilatın Əfqanıstanda həyata keçirdiyi Milli İnstitusional İnkişaf Layihəsi çərçivəsində Əfqanıstanda elektron hökumətin yaradılmasına dair Azərbaycanın dəstək verməsini təşviq edilməsi üçün razılıq əldə edib. Qeyd olunan layihənin əsas məqsədi üç səviyyədə bilik və bacarıqların inkişafı üçün hərtərəfli yanaşma tətbiq etməklə institusional inkişaf, əlverişli mühit və fərdi inkişafa nail olmaq və Əfqanıstan qurumlarının vəzifələrini daha peşəkarcasına yerinə yetirməsi üçün tələb olunan potensialı gücləndirməkdir.
Qəzetlər, həmçinin yazır ki, 2013-cü ilin iyun ayında Əfqanıstan rabitə və informasiya texnologiyaları naziri Amirzai Sanginin başçılığı ilə əksəriyyəti nazir müavinlərindən ibarət 26 yüksək rütbəli dövlət məmurunun iştirak etdiyi nümayəndə heyəti Azərbaycanın bir sıra hökumət qurumlarında olub. Səfər zamanı nümayəndə heyəti bır sıra təcrübəli hökumət qurumlarının işləri ilə tanış olub və görüşlər keçirib.