Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Turizm Forumunda iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Dünya Turizm Forumunun prezidenti Bulut Bağcı, TURSAB-ın prezidenti Başaran Tanzer, Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal və turizm sənayesinin bir çox tanınan nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən Ə.Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib.
Ölkəmizdə turizmin prioritet sahələrdən biri olduğunu qeyd edən nazir turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlər görüldüyünü bildirib. Mədəni turizm, sağlamlıq turizmi, işgüzar turizm sahələrinin turistlərin cəlb olunması baxımından xüsusi rolu olduğu vurğulanıb.
Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını da bildirib.
Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Ə.Qarayev 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, həmçinin 2016-cı ildə keçiriləcək Formula-1, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının turizmin inkişafı üçün də mühüm addım olduğunu qeyd edib.
Nazir çıxışında, həmçinin turizmin əsas amillərindən olan elektron viza tətbiqindən, yeni hotellərin açılmasından, bu sahədə beynəlxalq əməkdaşlıqdan, turizm təhsilindən, aparılan təbliğat işlərindən də bəhs edib.
Qeyd edək ki, tədbir çərçivəsində nazirlərin görüşü keçirilib. Türkiyənin mədəniyyət və turizm naziri M.Ünal ilə görüşən Ə.Qarayev hər iki ölkə arasındakı mövcud sıx mədəniyyət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi və qarşılıqlı birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıblar.
6 fevral tarixinədək davam edəcək tədbirdə müxtəlif mövzular üzrə çıxışlar nəzərdə tutulub.