Noyabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasın yekunu olaraq, qəbul edilən qərarlara əsasən, fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlara görə 14 bölgə üzrə Tibbi-sosial ekspert komissiyalarının (TSEK) sədrləri vəzifələrindən azad edilib, daha 2 bölgə üzrə TSEK sədri isə aşağı vəzifəyə keçirilib.
Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, son günlər bəzi mətbu orqanlarda sözügedən iclasdan sonra işdən azad olunan TSEK sədrlərinin bəzilərinin yenidən iş başında olması, öz fəaliyyətlərini davam etdirməsi barədə yer alan iddialar həqiqətdən tam uzaqdır və bu qəbildən olan informasiyaların hamısı hər hansı dəqiqləşdirilmə aparılmadan verilib. Baxmayaraq ki, qeyd olunan iclasın yekunu ilə bağlı ƏƏSMN-in rəsmi açıqlaması olub və həmin açıqlamada 14 TSEK sədrinin işdən azad olunduğu açıq şəkildə vurğulanıb.
Bu baxımdan, son günlər işdən azad edilən şəxslərlə bağlı ayrı-ayrı kütləvi informasiya vasitələrində yer alan yazılarda ƏƏSMN-in mövqeyinin əks olunmaması, dəqiqləşdirilmələrin aparılmaması təəssüf doğurur.
Nazirlikdən bir daha vurğulanıb ki, birtərəfli qaydada işıqlandırılan həmin məlumatlar tam əsassızdır və heç bir fakta söykənmir.