YAP Nizami rayon təşkilatının nəzdindəki Heydər Əliyev Məktəbində növbəti mühazirə oxunub.
Trend-in məlumatına görə, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən mühazirənin bu dəfəki məruzəçisi YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev olub.
Mühazirədə ilk olaraq çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ulu öndər Heydər Əliyevin dünyanın siyasət nəhəngi olduğunu vurğulayıb, onun Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında misilsiz xidmətlərindən danışıb.
O, qeyd edib ki, məhz Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilib.
“Azərbaycan xalqı üçün liderlik və xilaskarlıq missiyasını yerinə yetirən dahi öndər Heydər Əliyev nəinki Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib, həm də uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin hərtərəfli tərəqqisinə nail olub”, – millət vəkili bildirib.
Mühazirəçi YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə danışıb.
O, bildirib ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib.
“Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Ümummilli liderin adı xalqımızın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət və sədaqət meyarı olub” – deyə YAP Siyasi Şurasının üzvü qeyd edib.
Vilayət Əliyev bildirib ki, bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji kurs olaraq daim ölkəmizə və xalqımıza uğur gətirib: “Bu gün xalqımız bu dahi insanın həyata keçirdiyi siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır.
Azərbaycan indi dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Məhz Ümummilli liderin gərgin səyi və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik bir ölkə kimi tanınır”.
Mühazirədə iştirakçıların sualları cavablandırılıb.
Bildirilib ki, Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində sözünü qətiyyətlə deyə bilən mahir siyasətçi idi. Müasir, müstəqil Azərbaycan bu dahi insanın siyasəti ilə daha da inkişaf edir və yaşayır. Ulu öndər Heydər Əliyevin “şah əsəri” olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra uğurla inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaq.