Hakim Yeni Azərbaycan Partiyasının dəvəti ilə Kanadanın Mühafizəkarlar Partiyasının nümayəndə heyəti aprelin 2-də Azərbaycana rəsmi səfərə gəlir.
YAP-ın mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, səfər aprelin 7-dək davam edəcək. Kanada Parlamentinin İcmalar Palatası spikerinin müavini Barri Devolin rəhbərlik etdiyi nümayəndə heyətinə palatanın üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan daxildir.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Milli Məclisin sədri Oqtay Əsədov, YAP sədrinin müavini, iİcra katibi Əli Əhmədovla görüşəcək, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparacaqlar.
Nümayəndə heyəti bir sıra nazirliklərdə və dövlət komitələrində, o cümlədən Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşlər keçirəcək. Bundan əlavə, Kanadanın Mühafizəkarlar Partiyasının nümayəndələri YAP Xətai rayon təşkilatında iş proseduru ilə tanış olacaq, partiya fəalları ilə görüşəcəklər.
Səfər çərçivəsində Kanada Mühafizəkarlar Partiyasının nümayəndə heyəti Azərbaycanın görməli yerlərinə gəzintilər həyata keçirəcək, ölkənin mədəniyyət və incəsənəti ilə yaxından tanış olacaqlar.