YAP Gənclər Birliyi Xocalı abidəsini ziyarət edib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Xocalı” abidəsini ziyarət edib.
Birlikdən Trend-ə verilən məlumata görə, gənclər Azərbaycan bayraqları və “Xocalıya ədalət” yazılımış plakatlarla Xocalı prospekti boyunca yürüş edərək abidəni ziyarət ediblər. Xocalıda şəhid olan həmvətənlərimizin abidəsi önünə YAP GB adından əklil qoyaraq şəhidlərimizin ruhları qarşısında baş əyiblər.
YAP GB-nin sədri Seymur Orucov bildirib ki, Xocalı faciəsindən 21 il ötməsinə baxmayaraq, bu qan bizim üçün hələ də təzədir.
“Hər il Xocalı faciəsini müxtəlif tədbirlərlə yad edirik. Bütün il boyu Xocalı bizim yaddaşımızdadır. Qatıldığımız tədbirlərdə, xarici səfərlərdə hər zaman Dağlıq Qarabağ problemi və onun ən ağrılı parçası olan Xocalı soyqırımı barədə məlumatlar səsləndiririk. Bu gün bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Cənab Prezident İlham Əliyev şəxsən Xocalının təbliğatı ilə bağlı göstərişlər verir, təşəbbüslər göstərir”, – Orucov deyib.
O qeyd edib ki, Heydər Əliyev Fondunun da bununla bağlı böyük kampaniyaları artıq öz bəhrəsini verməkdədir.
“Artıq Xocalı soyqırımını bir çox dövlətlərin parlamentləri tanımağa başlayıb. Bu da Azərbaycanın apardığı təbliğat işinin mühüm nəticəsidir. Arzumuz budur ki, bir daha nəinki Azərbaycan, ümumən bəşər tarixində belə bir hadisə baş verməsin”, – Orucov bildirib.
Xocalı abidəsini ziyarət edən gənclər bildiriblər ki, bu tarix Azərbaycan xalqını dərk etdirən, xalqımızın kimliyini tanıtdıran tarixlərdən biridir. Hər dəfə bu abidəni ziyarət edəndə milləti millətə tanıdan o insanların ruhunu yad etdikcə qürurlanırıq. Öz qanlı tariximizlə fəxr edirik ki, bizim insanlarımız öz qəhramanlıqları ilə şəhid olublar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO