XƏZƏR İBRAHİM FRANSALI HƏMSƏDRİN RUSİYA PREZİDENTİNİN ƏLEYHİNƏ DANIŞDIĞINI BİLDİRİB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Ermənistanda səsləndirdiyi «Dağlıq Qarabağ xalqı və danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakı» barədə fikirlərinə münasibət bildirib. AzərTAc-ın məlumatına görə, X.İbrahim deyib ki, ümumiyyətlə Dağlıq Qarabağ xalqı mövcud deyil. Separatçı rejimin rəhbərinin də sülh danışıqlarında iştirakı mümkünsüzdür: «Bu, həm də Moskva bəyannaməsinin əksinə getməkdir. Moskva bəyannaməsində Azərbaycan və Ermənistan prezidentlərinin imzası var. Bu isə onu göstərir ki, münaqişə tərəfləri Ermənistan və Azərbaycandır. Digər tərəfdən cənab Bernar Fasyenin fikirləri bir də ona görə təəccüb doğurur ki, həmin bəyannamənin altında Rusiya prezidentinin də imzası var. Rusiya isə həmsədrlərdən biridir. Bir həmsədr dövlətin nümayəndəsinin başqa bir həmsədr dövlətin prezidentinin əleyhinə fikirlər söyləməsi başa düşülmür». XİN rəsmisi qeyd edib ki, Dağlıq Qarabağın əhalisi həm azərbaycanlılar, həm də ermənilərdən ibarətdir və hər iki icmanın üzvləri Azərbaycan vətəndaşlarıdır: «Ona görə də «Dağlıq Qarabağ xalqı» yoxdur və həmsədrin belə bəyanatları qəbuledilməzdir».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO