Xocalı ilə bağlı hərbi tribunal yaradılmalıdır

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Xocalı soyqırımının anım mərasimi ilə əlaqədar “Xocalı soyqırımı beynəlxalq müstəvidə” adlı tədbir keçirilib. Modern.az-ın məlumatına görə, konfransda çıxış edən hüquqşünas alimlər 1992-ci il fevralın 26-da ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi əmələ görə Ermənistanın beynəlxalq-hüquqi məsuliyyət daşıdığını vurğulayıblar.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal etməsi adi işğal faktı deyil. Onun sözlərinə görə, Xocalıda törədilənlər beynəlxalq hüquqşünaslar tərəfindən soyqırım kimi xarakterizə edilir:

“Ona görə ki, 1948-ci il “Genosid cinayətlərinin qarşısının alınması haqqında” beynəlxalq Konvensiya var. Bu soyqırım ermənilərin özləri tərəfindən də etiraf edilir. Ermənistanın hazırkı rəhbəri, Xocalı soyqırımın törədliməsinə birbaşa rəhbərlik etmiş Serj Sərkisyan müsahibəsində özü etiraf edir ki, azərbaycanlılar heç vaxt biməzdilər ki, biz mülki əhaliyə qarşı belə bir plan həyata keçirərik. Digər ermənilər də öz əsərlərində kifayət qədər insanları qətlə yetirdiklərini, onlara amansız divan tutduqlarını yazıblar. Məsələn, Zori Balayan özünün “Ruhun dirçəlişi” kitabında bunları etiraf edir”.

BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov isə bildirdi ki, soyqırım siyasəti öldürülən insanların sayı ilə hesabalanmamalıdır. Onun sözlərinə görə, 1948-ci il Konvensiyasında soyqırımın konkret əməllər hesabına baş verməsi nəzərdə tutulur: “Say əsas deyil. Əsas onun motividir, fəaliyyət və tətbiqolunma metodudur. Ona görə də soyqırmını Ruanda, Kamboca, alman faşistlərinin II Dünya müharibəsində yəhudilərə qarşı törətdiyi soyqırım səviyyəsində yanaşı qoyardım. Təbii ki, bu cinayətlərin sayı çoxdur. Lakin Xocalı soyqırımı onların içərisində bir növ xüsusilə fərqlənir. Yəni dünyanın demokratiyaya qədəm basdığı, inkişaf etdiyi bir dövrdə insan haqlarının yüksək səviyyəyə qaldırıldığı bir zəmanədə belə bir cinayətin baş verməsi, özü də mülki əhaliyə, köməksiz insanlara qarşı baş verməsi, bu, sadəcə olaraq cinayət deyil. Bu, bəşəriyyətə qarşı edilən addımdır, bəşəriyyətin alçaldılması, bəşəriyyətə qarşı hörmətsizlikdir”.

Rüstəm Məmmədov hesab edir ki, Xocalı ilə bağlı hərbi tribunal yaradılmalıdır: “İnanıram ki, nə vaxtsa olacaq. Bu, mütləq olmalıdır. Çünki belə cinayətlər qiymətsiz keçərsə, onun qarşısı alınmazsa, bu cinayətlər davam edəcək. Özü də erməni qəsbkarları bu işdə öndə olacaq. Çox qəribə də olsa, bunu dünya qüvvələri görə-görə onlar bundan yan keçməyə çalışırlar. Biz müxtəlif ölkələrdə Xocalı soyqırımını sübut etməkdə davam edirik. Lakin bu mübarizədə Azərbaycan tək qalmamalıdır. Buna dünyanın müxtəlif qüvvələri, xüsusilə də türk dövlətləri Azərbaycana dəstək verməlidir. Mən bu anım günündə bu cinayəti törədənlərə ölüm şüarını irəli sürürəm. İstərdim ki, onlar öz cəzalarını alsın, bu cinayət öz qiymətini tapsın və Azərbaycan xalqının başına gətirilən bu müsibətlərin əks-sədası dünyaya səpələnsin”, – deyə Rüstəm Məmmədov bildirdi.
Hüquq elmləri üzrə fəlsəfə doktoru Rahim Məmmədov isə bildirdi ki, Xocalı soyqırımını beynəlxalq cinayət kimi tanınması üçün kifayət qədər normativ sənədlər var. Hüquqşünas hesab edir ki, məsələyə hüquqi qiymət verilməlidir. “2007-ci ildə hərbi prokurorluq Xocalı soyqırımı ilə bağlı təqsirli bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırmasına dair qərar qəbul edib. 26 nəfər barəsində axtarış elan olunub. İnterpolun Milli Mərkəzi Bürosu onlar barədə axtarış elan etsə də, onlar tutulub Azərbaycana verilmir”.

Hüquq elmləri doktoru Əfsər Sadıqov isə bildirdi ki, Xocalı soyqırımına BMT Beynəlxalq Məhkəməsi çərçivəsində hüquqi qiymət verilməsinə nail olmalıyıq. Onun sözlərinə görə, BMT Beynəlxalq Məhkəməsi beynəlxalq hüququn istənilən məsələsinə hüquqi qiymət vermək səlahiyyətinə malikdir:

Sonda çıxış edən professor Əmir Əliyev bildirdi ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında rəhbərlik etdiyi fakültə də öz töhfəsini verə bilər. Dekan hesab edir ki, Xocalı soyqırımının elmi nöqtedən izahı hüquqşünaslar, tarixçilər, politoloqlar tərəfindən verilməli və bu, xarici ölkələrdə yayılmalıdır. Əmir Əliyev bildirdi ki, Hüquq fakültəsində “Xocalı faciəsi beynəlxalq müstəvidə: tarixi, siyasi və hüquqi təhlil” adlı toplum hazırlanacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO