Xaçmazda “Liderlik məktəbi – qış parlamenti ” layihəsinin açılış mərasimi keçirilib

Fevralın 12-də Xaçmazda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “VI liderlik məktəbi – qış parlamenti” layihəsinin açılış mərasimi keçirilib.
“Atlant” istirahət və əyləncə mərkəzində keçirilən mərasimdə liderlik məktəbinin iştirakçıları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.
Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayılov layihə haqqında geniş məlumat verərək bildirib ki, layihənin ilk seçim mərhələsində 1200-ə yaxın tələbə gəncin elektron ərizəsi qeydiyyata alınıb, iki mərhələdə keçirilmiş seçimlərdən sonra onlardan 125 nəfəri “VI liderlik məktəbi – qış parlamenti”nin üzvü adını qazanıb.
İsmayılov qeyd edib ki, layihə öz formatına görə ATGTİ-nin əvvəlki liderlik məktəblərindən fərqli olacaq. Bu dəfə “Qış parlamenti”ndə iştirakçılar komandalara deyil, müxtəlif komitələrə bölünəcəklər.
“Qış parlamenti” çərçivəsində gənc parlamentarilər layihənin ümumi şüarını seçərək hər biri öz komitəsinin baza prinsiplərinə uyğun layihələr yazıb təqdim edəcək. Layihə ərzində tələbə gənclərin irəli sürdükləri yeni ideyaların, təklif və yeni layihələrin daha sonra ATGTİ-nin xətti ilə Milli Məclisin bu və ya digər komitəsinə təqdim olunması nəzərdə tutulub.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov çıxış edərək ölkəmizdə gənclərin böyük diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Süleymanov deyib ki, son 5 ildə dövlət qulluğunda çalışan gənclərin sayı 2 dəfə artıb, bu istiqamətdə bir sıra sərəncamlar verilib.
Hazırda ölkəmizdə 250-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini bildirən natiq, respublika üzrə 35 olimpiya idman kompleksinin istismara verilməsini gənclərin sağlamlığının qorunmasına xidmət edən amil kimi qiymətləndirib.
Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva da Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən danışıb, bunun sayəsində ölkəmizdə gənc nəslin nümayəndələrinin intellektual səviyyəsinin yüksək olduğunu qeyd edib. Bildirib ki, hazırda ölkənin bütün regionlarında gənclər evləri tikilir, yeni nəslin daha savadlı düşüncə tərzinə malik olması üçün müxtəlif tədbirlər həyata keçirilir.
Mərasimin sonunda “Qış parlamenti”nin 6 komitəsi təqdim olunub, onlara rəmzi bayraqlar təhvil verilib.
Fevralın 17-dək davam edəcək layihə çərçivəsində gənc parlamentarilər öz komitələrinin baza prinsiplərinə uyğun qanun layihələri yazacaq, komitələrarası debatlar aparacaq, bu və ya digər qanun layihəsinin qəbulu üçün səsvermələr keçirəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO