Vaşinqtonda Xocalı soyqırımının qurbanları yad edilib

Vaşinqtonda Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın ABŞ bürosunun məlumatına görə, Corc Vaşinqton Universitetində keçirilən tədbir Türk Tələbələri Assosiasiyası, Amerikanın Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycan Qadınları kimi qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə baş tutub. Anım mərasimində çıxış edən Türk Tələbələri Assosiasiyasının rəhbəri Əsra Ələmdar İslam Konfransı Təşkilatının Cənglər Forumunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan http://justiceforkhojaly.org/ (Xocalıya Ədalət) saytını iştirakçılara təqdim edib. Xanım Ələmdar internet səhifəsinin müsəlman və Qərb ölkələrində təqdimatının keçiriləcəyini, bu günə kimi 102 fərqli ictimai qurumun “Xocalıya Ədalət” kampaniyasına qoşulduğunu bildirib. Əsra Ələmdar internet səhifəsi vasitəsi ilə soyqırımı barədə ətraflı məlumat bazasının yerləşdirildiyini və beynəlxalq qurumlara petisiyanın yollanmasının mümkün olduğunu qeyd edib.

Amerika Azərbaycan Cəmiyyətinin Vaşinqton şəhəri üzrə nümayəndəsi Bədir Məmmədli Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı anı olduğunu, şəhərin adının günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinin sinoniminə çevrildiyini qeyd edib. Daha sonra tədbirdə çıxış edən Montana Dövlət Universitetinin professoru Tomas Qoltz ABŞ-da bu faciənin tanıdılması istiqamətində aparılan təbliğatın səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb. O, Xocalı soyqırımı ilə bağlı Amerika cəmiyyətinin 10 il əvvəlki dövrlə müqayisədə daha yaxşı məlumatlandırıldığını, lakin bu prosesin davam etdirilməsinin zəruriliyini söyləyib. Professor Qoltz faciə barədə sənədli filmlərin ingilis dilinə tərcümə olunaraq postsovet məkanında, Yaxın Şərqdə yayılmasını, Türk xalqları ilə bağlı dərslər keçən elm ocaqlarına təqdim edilməsini vacib sayıb. Qeyd edək ki, Tomas Qoltz Xocalı soyqırımı barədə Amerika mətbuatında ilk məqalənin müəllifidir.

Çıxışlardan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” adlı sənədli film nümayiş olunub. Anım mərasimi keçirilən otaqda fondun mövzu ilə bağlı təqdim etdiyi şəkillər və Xocalıdan sağ çıxmış uşaqların əllə çəkdikləri rəsmlərinin sərgisi təşkil edilib. Qeyd edək ki, mərasimə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev və səfirliyin əməkdaşları da qatılıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO