Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında “Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti” adlı layihənin həyata keçirilməsində tərəfdaşlığın rəsmiləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Trend-in məlumatına görə, memorandumu USAID administratorunun Avropa və Avrasiya bürosu üzrə müavini xanım Peyc Aleksandr və QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev imzalayıblar.
Memorandumun əsas məqsədi İqtisadi İnkişaf Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində yerinə yetirilən SEDA layihəsini dəstəkləmək istiqamətində USAID və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq münasibətlərinin rəsmiləşdirilməsidir.
SEDA vətəndaş cəmiyyəti təşkilatlarının daha effektiv şəkildə hökumət qurumları ilə əməkdaşlıq edərək Azərbaycanda sosial-iqtisadi inkişafa təkan verilməsinə yardım edir.
Quliyevin sözlərinə görə, bu memorandum çərçivəsində əməkdaşlıq ölkəmizin bir sıra regionlarında yerli idarəetmə və qərarların qəbul edilməsi prosesində vətəndaş iştirakçılığının gücləndirilməsinə, eləcə də QHT-lər və hökumət və özəl sektoru təmsil edən tərəfdaşlar arasında əlaqəli fəaliyyətin qurulmasına yönəlib.
“Ümidvarıq ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə imzaladığımız bu sənəd ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edən iki nüfuzlu qurum arasında tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirəcək”, – Quliyev deyib.
USAID-in nümayəndəsi Peyc Aleksandr isə bildirib ki, hər iki təşkilat ədalətli iqtisadi və sosial inkişafın vacibliyini anlayır və güclü vətəndaş iştirakçılığını dəstəkləyir.
O qeyd edib ki, bu, hər iki təşkilat arasında imzalanmış vacib bir sənəddir və öz-özlüyündə bir neçə il bundan əvvəl başlanmış əməkdaşlığın tarixi məqamıdır.
Xanım Aleksandr vurğulayıb ki, memorandum ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafına da yardım göstərəcək.