Uşaq Hüquqları Haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda Bakı Bəyannaməsi qəbul olunub

Milli Məclisdə 2009-cu ilin “Uşaq ili” elan olunması və BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunub. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən parlamentin sədr müavini Bahar Muradova deyib ki, konfransın yekunu olaraq qəbul olunan bəyannamədə aparılan müzakirələrin nəticəsi əksini tapıb.

Onun sözlərinə görə, Uşaq Hüquqları Konvensiyasına qoşulan dövlətlər uşaq hüquqlarının qorunmasının aliliyi prinsipini öz qanunvericiliklərinə daxil edirlər: “Bu onlar qarşısında bir vəzifə qoyur. Vəzifə ondan ibarətdir ki, uşaqlar normal mühitdə yaşamalıdır. Uşaqların hər biri sərbəst təhsil almaq hüququnu reallaşdıra bilməlidir. Yəni uşaqların sağlam, savadlı şəxsiyyət kimi formalaşması üçün götürülən öhdəliklər yerinə yetirilməlidir. Uşaqlara qarşı daha çox humanist addımlar atılmalıdır”.

B. Muradova deyib ki, “Yuvenal ədliyyə sistemi haqqında” qanun qəbul olunursa, bu sənəd mütləq ədliyyə sistemində ciddi islahatlara səbəb olur: “Bəyan olunan odur ki, ölkələr bu imkanları tapsınlar. Milli Məclisdə belə bir qanun hələlik işlənməyib. Ancaq bu o demək deyil ki, Azərbaycanda yuvenal ədliyyə ilə bağlı addımlar atılmayıb. Bu məsələlər bizim qanunvericilikdə öz əksini tapıb. İndi söhbət gedir ki, bütün bu məsələlər ayrıca qanun halında olsun. İndi qeyri-rəsmi də olsa ilkin olaraq belə bir layihə hazırlanıb. Yəqin ki, aparılan bu müzakirələr sonda belə bir qanunun parlamentdə qəbul olunması ilə nəticələnəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO