TƏŞVİQAT QRUPLARINA PUL AYRILA DA BİLƏR, AYRILMAYA DA…

TƏŞVİQAT QRUPLARINA PUL AYRILA DA BİLƏR, AYRILMAYA DA...Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təşviqat qruplarının qeydiyyatı yekunlaşdı. Fevralın 18-dən etibarən referenduma 24 saat qalanadək, yəni martın 16-na qədər təşviqat kampaniyası davam edəcək. Doqquz təşviqat qrupu təşviqat kampaniyasında iştirak edəcək. Dairələr üzrə qeydə alınmış 124 təşviqat qrupu kampaniya apara biləcək.
Təşviqat qruplarının İctimai Televiziya və Radioda, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərində pulsuz təşviqat aparmaq hüququ var. MSK-nın təlimatına görə, İctimai Televiziyada referendum təşviqatı üçün həftədə ən azı 3 saat efir vaxtı, adıçəkilən qəzetlərdə isə ən azı həftəlik nəşrin 10 faizi həcmində yer ayrılmalıdır. Bu vaxt və həcm MSK-nın qeydə aldığı təşviqat qrupları arasında bərabər bölünəcək.
Lakin Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev “Media forum” saytına bildirib ki, İctimai Televiziyada efir vaxtı 3 saatdan artıq da ola bilər: “Qanunda minimum müddət göstərilib. Amma bütün seçkilərdə vaxt çox ayrılıb. İndi də belə ola bilər. Bu, MSK ilə İTV arasında razılaşmadan asılıdır”.
A.Sarıyevin dediyinə görə, gələn həftənin əvvəlində MSK təşviqat qrupları arasında televiziyada pulsuz efir vaxtıyla bağlı püşkatma keçirəcək. Püşkatma təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, vəkillərinin, jurnalistlərin iştirakıyla olacaq. Amma bundan əvvəl təşviqat qrupları bir həftə müddətində İctimai Televiziyada efir vaxtı üçün MSK-ya, dövri mətbuatda pulsuz təşviqat üçünsə adıçəkilən 4 qəzetə müraciət etməlidirlər. Əgər təşviqat qrupları qəzetlərə rəsmi müraciət etməsələr, kampaniya müddətində qanunla nəzərdə tutulan dövri nəşrlərdə pulsuz təşviqat hüququndan istifadə edə bilməyəcəklər: “Ona görə də yaxşı olardı ki, qruplar dərhal bu qəzetlərə və MSK-ya rəsmi müraciət göndərsinlər”.
Qanunvericiliyə əsasən, təşviqat qrupları plakatlar, qanunla qadağan olunmayan digər təşviqat sənədləri hazırlamaqla yanaşı, açıq və qapalı məkanlarda görüşlər, kütləvi tədbirlər də keçirə biləcəklər. Görüşlər və kütləvi tədbirlər üçün onlar dairə seçki komissiyalarına və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməli olacaqlar.
Mərkəzi Seçki Komissiyasının referendumda təşviqat aparmaq üçün qruplara maliyyə vəsaiti ayırıb-ayırmayacağına gəlincə, A.Sarıyev bildirib ki, bu məsələ qanunda imperativ deyil, tövsiyə şəklində əksini tapıb: “Yəni pul ayrıla da bilər, ayrılmaya da”. A.Sarıyevin sözlərinə görə, komissiya yaxın günlərdə bu məsələyə baxacaq və müvafiq qərar verəcək.

Leyla İLQAR

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO