TÜRKPA-nın Baş katibi ATƏT-Avstraliya konfransında iştirak edəcək


TÜRKPA-nın Baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti martın 18-21-də “Gender balansının beynəlxalq təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda keçiriləcək ATƏT-Avstraliya konfransında iştirak edəcək.
TÜRKPA-dan çərşənbə günü Trend-ə verilən məlumata görə, konfransın məqsədi gender balansının təkmilləşdirilməsidir. Müzakirələrin əsas mövzusu qadınlara qarşı zorakılıqla mübarizə, qadınların terrorçu məqsədlər və insan alverinin bütün formalarında istismarının qarşısının alınması və qadınların iqtisadi imkanlarının genişləndirilməsinin təşviqi olacaq. Konfransda təcrübədən çıxarılmış nəticələr və Asiya-Sakit Okean perspektivindən yaranan məsələlərlə bağlı fikir mübadiləsi üçün imkan yaranacaq.
Konfrans çərçivəsində Ramil Həsənov “Gender balansının qorunması və qadınlara qarşı zorakılıqla mübarizədə beynəlxalq təşkilatların önəmi” mövzularında çıxış edəcək. Konfrans çərçivəsində TÜRKPA-nın Baş katibinin Türkiyənin ATƏT yanındakı daimi nümayəndəsi Tacan İldem, ATƏT-in Baş katibi Lamberto Zannier və digər beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşləri nəzərdə tutulub.
Konfrans martın 19-da Flinders Universiteti tərəfindən “Struktur Dəyişikliyi Zamanı Etimadın Qurulması” mövzusunda təşkil olunmuş seminarla davam edəcək.
Səfər zamanı TÜRKPA Baş katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşayiət edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO