“Təhsildə tolerantlıq və ayrı-seçkilik” mövzusunda beynəlxalq konfrans keçirilir

“Təhsildə tolerantlıq və ayrı-seçkilik” mövzusunda beynəlxalq konfrans keçirilir  Antalyada “Dialoq Avrasiya” (DA) Platforması 8-ci Baş Məclisi çərçivəsində “Təhsildə tolerantlıq və ayrı-seçkilik” mövzusunda beynəlxalq konfrans başlayıb.
APA-nın xəbərinə görə, tədbiri Türkiyə Təhsil Nazirliyi ilə “Dialoq Avrasiya” Platformasının sədrliyini həyata keçirən DA Rusiya Milli Komitəsi təşkil edib. Tədbirdə giriş sözü ilə çıxış edən platformanın hazırkı sədri Rastislav Rıbakov konfransa qatılanları salamlayandan sonra Avrasiya xalqlarının keçdiyi yoldan, Rusiyanın DA-ya sədrliyi dövründə görülən işlərdən, platformanın genişlənməsindən danışıb. O, həmçinin bəzən təhsil vasitəsilə xalqlar arasında düşmənçilik toxumları səpildiyini də bildirib. R. Rıbakov DA-nın məhz bu ayrı-seçkiliklərin aradan qaldırılmasına çalışdığını və buna nail olunacağına inandığını deyib.
Azərbaycan nümayəndə heyəti adından danışan DA-nın Azərbaycan milli komitəsinin sədri, millər vəkili Nizami Cəfərov da təhsilin xalqların və millətlərin taleyi üçün çox önəmli faktor olduğunu vurğulayıb. Millət vəkili deyib ki, keçmiş SSRİ-də təhsil vasitəsilə eyni köklü xalqlar arasında ayrı-seçkilik və düşmənçilik toxumu səpilib: “Həmin dövrün tarix kitablarında Türkiyə və Azərbaycan xalqlarının, hər iki ölkə türkünün bir-birinə düşmən olması ilə bağlı təqdimatlar vardı”.
N. Cəfərov bildirib ki, bir müddət əvvəl türk xalqları üçün ortaq ədəbiyyat və tarix kitablarının yazılması ilə bağlı təkliflərlə çıxış ediblər. Millət vəkili artıq türk xalqlarının təhsil proqramlarında bəzi məsələlərdə ortaq mövzuların olduğunu, lakin bunun daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin Türkiyə alimlərinə və yazarlarına səslənərək, nəşr edilən kitabların təkcə Türkiyə deyil, ümumilikdə türk dünyası üçün yararlı ola biləcəyini nəzərə almalarını xahiş edib.
Dialoq Avrasiya Platformasının qurucusu və başqanı Harun Tokak DA-ın fəaliyyətindən və keçdiyi yoldan danışıb. DA-nın artıq 10 ildir, fəaliyyət göstərdiyini deyən H. Tokak bu toplantının mövzusunun təsadüfi seçilmədiyini bildirib. DA-nın xalqlar arasında düşmənçilik toxumu səpən tarix kitablarının yığışdırılmasını təklif etdiyini söyləyən H. Tokak, həmçinin platformanın müxtəlif ölkələrlə bağlı araşdırma mərkəzlərinin yaradılmasını, xalqların bir-birini daha yaxından tanımaları üçün qurumlar yaratmağın vacibliyini vurğulayıb. O, xüsusilə Türkiyədə Rusiyanı öyrənəcək araşdırma mərkəzinin yaradılmasını vacib sayıb.
H. Tokak savaş qəhrəmanlarına olduğu kimi, barış qəhrəmanlarına da heykəllər qoyulmasının, onların da məşhurlaşdırılmasının və tanıdılmasının vacibliyini söyləyib.
DA başqanı qurumun Ermənistan-Azərbaycan münaqişəsinə də öz töhfəsini verməli olduğunu bildirib.
Tədbirdə çıxış edən Türkiyənin təhsil naziri Hüseyn Çelik DA-nın fəaliyyətindən və ideoloji hədəflərindən danışıb. O, təhsilin xalqların yaxınlaşması, dünyanın qloballaşmasına çox böyük təsir göstərdiyini deyib. Nazir bildirib ki, tarix kitablarından başqa ölkələrə düşmənlik təbliğ edən məqamların çıxarılması ilə bağlı müzakirələr aparmaq heç bir xalqın tarixini təhrif etməyə və ya unutdurmağa çalışmaq demək deyil: “Tarix hər bir xalq üçün çox önəmlidir. Tarixdə olmuşları necə anlatmaq da bir o qədər əhəmiyyətlidir. Məsələn, bizə orta məktəb kitablarında öyrədirdilər ki, Türkiyənin üç tərəfi dənizlərlə, dörd tərəfi düşmənlərlə doludur. Amma zamanla bu dəyişdi, indi biz “Türkiyənin dörd tərəfi qonşularıdır” deyirik. Yəni, əslində tarixi gənc nəslinə necə, hansı tərzdə öyrətmək çox önəmlidir”.
Nazir onu da vurğulayıb ki, dialoq bir millətin dilindən, dinindən, mədəniyyətindən ayrılması, tarixini danması demək deyil: “Əksinə, bunların hamısına sahib olan xalq digər xalqlarla daha yaxşı anlaşır, daha yaxşı əlaqələr qura bilir. Çünki özünə hörmət edən digərlərinə də hörmət edə bilir”.
H. Çelik xarici ölkələrdə açılan türk məktəblərinin bu dialoqa xidmət etdiyini söyləyib.
Tədbirdə Antalya bələdiyyə başqanı Menderes Türel, DA-nın Gürcüstan komitəsinin rəhbəri Qiuli Alasaniya, Türkiyə təmsilçisi Naci Bostançı və digər ölkələr üzrə milli komitə başqanları da çıxış ediblər.
Qeyd edək ki, konfransa qatılan Azərbaycandan nümayəndə heyətinə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, millət vəkilləri Nizami Cəfərov, Rəbiyyət Aslanova, Azay Quliyev, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansever, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türk Liseylərinin baş direktoru Adəm Ünal daxildir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO