“Sonda vahid namizəd müəyyənləşə bilməyəcək “

Məhərrəm Zülfüqarlı: “Partiyalar ayrı şəkildə namizədlə prosesə qatılacaqlar”
İnanmıram ki, müxalifətin böyük birliyi yaranıb tək namizədlə seçkilərdə hakim partiyanın namizədinə rəqib olsun
Gələn il keçiriləcək prezident seçkilərinə bir ildən az vaxt qalmasına baxmayaraq, ölkənin ictimai-siyasi həyatında sakitçilik hökm sürür. Düzdü, bu durum əvvəlki seçkilər öncəsi vəziyyətdən fərqlənməsə də, hər halda özlərini real müxalif güc sayan partiyaların seçki kampaniyasına qoşulacağı gözlənilir. Amma müxalif düşərgə hansı şəkildə prosesdə iştirak edəcək, vahid namizədlə, yoxsa ayrı-ayrı namizədlərlə, bu, müəyyənləşməyib.
Belə olan halda isə seçkilərin hansı şəraitdə keçəcəyi, mübarizənin səviyyəsini proqnozlaşdırmaq çətinlik yaradır.
Gələn ilin seçkiləri ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri, seçki mütəxəssisi Məhərrəm Zülfüqarlı da deyir ki, əvvəlki seçki öncəsindən fərqli olaraq hazırkı vəziyyət daha sakit müşahidə edilir…

– Hər halda bu, ilkin görüntüdür. Adətən seçkilər yaxınlaşanda, siyasi mübarizə gərginləşir. Seçki aktivliyi əsasən gələn ilin iyun ayından sonra artacaq. Çünki həmin dövrdən namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası, qeydiyyatdan keçmə, təbliğat-təşviqat dövrü və seçkidən sonra qiymətin verilməsi prosesi həyata keçirilir. İyun ayına kimi isə müəyyən partiyalar, siyasi mərkəzlər öz namizədərini elan edəcəklər. Gözləyək, görək tələbə nə uyğun olacaq.

– Müxalif düşərgənin durumu necədir?

– Çox güman ki, müxalif qütb vahid namizəd məsələsini həmin dövrdə ortaya atacaq. Sonda da vahid namizəd müəyyənləşə bilməyəcək, partiyalar ayrı şəkildə namizədlə prosesə qatılacaqlar. Artıq Azərbaycan vətəndaşları, seçicilər müxalifətin bu gedişlərinə öyrəncəlidir. Aparıcı müxalifət partiyaları bilavasitə Qərbin tapşırığı ilə seçkilərə az vaxt qalanda, vahid namizəd məsələsini ortaya atırlar. Nəticədə də liderlər bir-birinə güzəştə getmirlər. Bu da təbii ki, məğlubiyyət deməkdir. İnanmıram ki, müxalifətin böyük birliyi yaranıb, tək namizədlə seçkilərdə hakim partiyanın namizədinə rəqib olsun.

– Beynəlxalq təşkilatların gələnilki seçkilərə diqqəti hansı səviyyədədir?

– ATƏT, Avropa Şurası Azərbaycanda seçkiləri daim müşahidə ediblər. Həmçinin Avropa Birliyindən də müşahidə missiyası təşrif buyurur. Bununla yanaşı, Venesiya Komissiyası Azərbaycan hökumətinin dəvətilə seçki ərəfəsində gəlir, müəyyən tövsiyələrini verir. Çox güman ki, gələn il də bu cür olacaq. Hələlik beynəlxalq təşkilatlar müşahidə missiyasını yerinə yetirəcəklərmi, yetirməyəcəklərmi, dəqiq söyləmək çətindir. Sadəcə mən əvvəlki təcrübəyə əsasən deyirəm ki, bu təşkilatların maraq və diqqəti var.

– Seçki komissiyalarının hazırkı vəziyyəti necədir? Müxalifətin əsas narazı olduğu məsələlərdən biri də budur…

– Komissiyalarda müəyyən çatışmazlıqlar var ki, onların təkmilləşdirilməsinə doğrudan da ehtiyac duyulur. Amma Venesiya Komissiyasının təklif etdiyi variantla şəxsən mən razılaşmıram. Çünki bu qurum elə bir təklif verir ki, onu özləri də bilirlər ki, yerinə yetirmək mümkünsüzdür. Məsələn, deyirlər ki, seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılsın. Yəni komissiyada olan 18 nəfərdən 9-u müxalifətin təmsilçisi, 9-u isə iqtidarın təqdim etdiyi şəxslər olsun. Venesiya Komissiyası guya bilmir ki, müxalifətin bir araya gəlib, birlikdə 9 nəfəri göndərməsi mümkün deyil? Əlbəttə ki, qabaqcadan bilirlər. Bu 9 nəfəri müxalifətdən kimin müəyyən etməsi məsələsi çox zaman konfliktlərə gətirib çıxarır. Bütün partiyalar özünü əsl müxalifət, yerdə qalanları isə hökumətə satılmış müxalifət hesab edir. Bütün seçki proseslərinə nəzər salsaq, həmin dövrün mətbuatını, xüsusən də müxalif KİV-ləri izləsək, görərik ki, hökumətə satılmayan müxalifət partiyası yoxdur. Parlament seçkilərində bir mandat alan təşkilata o dəqiqə ittiham gəlir ki, bu, hökumətlə işləyir. Ona görə də Venesiya Komissiyasının seçki komissiyaları ilə bağlı irəli sürdüyü paritet əsaslarla formalaşma təklifi yerinə yetə bilməyəcək. Parlamentdə deputat yeri olan partiyalar deyəcək ki, 9 nəfərlik yeri biz müəyyən etməliyik, parlamentə düşməyən Müsavat Partiyası və AXCP iddia edəcək ki, bunu biz müəyyən etməliyik. Yəni söz davası olacaq, qarşılıqlı ittihamlar səsləndiriləcək ki, bu halda da komissiyaların tərkibini paritet əsaslarla formalaşdırmaq mümkün olmayacaq.

– Bəs siz ekspert olaraq nələrin dəyişməsini lazım bilirsiz?

– Hesab edirəm ki, Venesiya Komissiyası real təkliflərlə çıxış etməlidir. Reallıq ondan ibarətdir ki, seçki komissiyaları heç bir partiyanın nümayəndələrindən deyil, müstəqil ekspertlərdən, QHT nümayəndələrindən, mütəxəssislərdən, jurnalistlərdən təşkil olunmalıdır. Bu halda daha effektiv nəticə əldə edilər, nəinki komissiyaları paritet əsaslarla, partiyaların nümayəndələrindən formalaşdırmaq.

– Gələnilki seçkiöncəsi mitinqlər, aksiyalar gözlənilirmi?

– Mitinqlər gözlənilir və çox güman ki, olacaq. Hökumət də seçki ilində aksiyaların keçirilməsinə maneçilik törətmir. Çünki Avropa Şurası qarşısında öhdəliklər var. Buna uyğun da mitinqlərə şərait yaradılacaq. Müxalifət bütöv olmasa da, ayrı-ayrı güc nisbətində mitinqlər keçirəcəklər. Bir sıra partiyalar seçkilərə namizədlə qatılacağını indidən bəyan edir.

– Prezident seçkilərinə qatılıb, müəyyən uğurlar əldə edə biləcək, alternativ güc varmı?

– Bu hələ ki görünmür. Seçkilərdə iştirak etmək üçün insan resursu, vaxt və maliyyə resursu olmalıdır. Prezident seçkisində iştirak etmək, normal kampaniya aparmaq üçün Naxçıvan da daxil olmaqla 125 dairəni əhatə etmək üçün ən azı 5 milyon manat maliyyə vəsaiti lazımdır. Həmçinin də insan resursu, tərəfdar çoxluğu. Seçki kampaniyası üçün, seçkilərdə namizəd olmaq üçün xarici ölkələrin maliyyə resursu ayırması qanunlarımıza uyğun deyil, qadağandır. Bu, həmin qüvvələrin Azərbaycanın daxili işinə qarışması anlamını verir. Belə hal olarsa, həmin namizədin qeydiyyatı dərhal ləğv edilir. İlkin görüntü ondan ibarətdir ki, bizim müxalif dairələrin seçkilərdə normal iştirakı üçün sadalanan resursları yoxdur. Hansısa partiyanın 5 milyon manatdan artıq maliyyə vəsaitinin olmasını təsəvvür etmək çətindir. Biz tanıyırıq, müşahidə aparırıq. Hələ ki, hansısa müxalifət liderinin bu qədər vəsaiti ortaya qoyacağı görünmür. Bu qədər vəsaiti seçkilərə yatırıb, kampaniya aparmaq yalnız hakim Yeni Azərbaycan Partiyasının imkanlarına uyğun gəlir.

– Prezident seçkilərinə dövlət büdcəsindən 42 milyondan artıq vəsait ayrıldı. Bu məbləğ ötən seçkilərə ayrılan vəsaitdən 2 dəfə artıqdır. Bunu necə dəyərləndirirsiz?

– Müsbət dəyərləndirmək olar. Amma hesab edirəm ki, yenə də məbləğ azdır. Normal seçki keçirmək üçün vəsait çox olmalıdır. Yəni prezident seçkiləri üçün 42 milyon manat elə də böyük rəqəm deyil. 125 dairə var, hər birində də ən azı 40 məntəqə var. Bunu bütünlüklə əhatə etmək üçün vəsait artırılmalıdır. Azərbaycanda Qərb standartlarına uyğun seçki kampaniyası aparmaq üçün böyük vəsait tələb olunur. Düzdü, bunu çox zaman namizədlər nəzərə almırlar. Amma qələbədə əsas şərtlərdən biri maliyyə resursudur.
Anar Bayramoğlu

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO