İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin əmək nazirləri Bakıda toplaşacaq

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə cari il aprelin 23-24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası, aprelin 25-26-da isə əmək nazirlərinin konfransı keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hər iki tədbir İƏT ölkələri arasında əməkdaşlıq üçün dayanıqlı platformanın inkişaf etdirilməsi, mütərəqqi ideya və innovasiyaların təqdimat və mübadiləsi, habelə ölkəmizdə əmək bazarının inkişafı, işsizlik səviyyəsinin azaldılması və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin təbliği məqsədinə xidmət edir.
Qeyd edək ki, 10 sentyabr 2011-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin əmək nazirlərinin Türkiyənin İstanbul şəhərində keçirilmiş ilk görüşündə müzakirə olunan əməkdaşlıq perspektivlərinin davamlılığının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti konfransın Azərbaycanda keçirilməsi barədə təşəbbüs irəli sürülmüşdü. Təşəbbüs yekdilliklə dəstəklənmiş və qeyd olunan tədbirlərin Bakıda keçirilməsi ilə bağlı İƏT Katibliyi ilə nazirlik arasında razılıq əldə olunmuşdu.
Hər iki tədbir İslam dünyası, eləcə də digər xalqlar arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində ölkəmizin getdikcə artan rolunun növbəti əməli təsdiqidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO