“İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib

“İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilibBu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Bakı – İslam mədəniyyətinin paytaxtı -2009” ili çərçivəsində “İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda ilk öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına müraciəti səsləndirilib. Daha sonra çıxış edən dövlət komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfransın keçirilməsində məqsəd islam dünyasında qadınların hüquqları barəsində xarici ölkələrin təcrübəsindən istifadə etməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi perspektivlərini müzakirə etməkdən ibarətdir:

“Bütün dünyada, o cümlədən Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər də aktuallığını saxlamaqdadır. Buna görə də islam ölkələrinin qadınlarının əlaqələrinin daha da genişlənməsinə və qarşılıqlı təcrübə mübadiləsinə ehtiyac var”. H. Hüseynova xatırladıb ki, Azərbaycan bir sıra Qərb dövlətlərindən əvvəl, Şərqdə isə ilk dəfə olaraq 1918-ci ildə qadınlara seçki hüququ verib: “İslam dünyasında xüsusi yeri olan Azərbaycanda qadına həmişə xüsusi önəm verilib. Hazırda da Azərbaycanda qadın siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə bildirib ki, islamda ana və qadınların rolu həddən artıq yüksək qiymətləndirilir: “İslamda qadınların iqtisadi sahədə bütün hüquqları tanınır. İslamda ailədə uşaqların tərbiyəsinə görə ata və ana bərabər şəkildə məsuliyyət daşıyır”. Komitə sədri deyib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub və dövlət-din münasibətlərinin tənzimlənməsi üçün məqsədyönlü siyasət həyata keçirilir.

BMT-nin Əhali Fondunun Cənubi Qafqaz üzrə ölkə direktoru Pyer Sieben isə bildirib ki, islamda qadın və kişilərə bərabər hüquqlar verilməsinə, qadınların əmlak və siyasi hüquqları olmasına baxmayaraq, bir sıra ölkələrdə bu hüquqlar məhdudlaşdırılır: “Hazırda elə ölkələr var ki, qanunları tanımır. Bizim əsas vəzifəmiz belə cəmiyyətlərdə beynəlxalq konvensiyalar və islam qanunvericiliyi ilə bağlı maarifləndirmə aparmaqdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO