Serbiyada rəsmi səfərdə olan Elmar Məmmədyarov parlamentin sədri Slavitsa Cukiç-Deyanoviçlə görüşüb

E. Məmmədyarov Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, həyata keçirilən demokratik islahatlar, ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf və Azərbaycan Parlamentinin, o cümlədən Milli Məclisdə Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, həmçinin Serbiyaya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı məlumat verib. Xanım S. Cukiç-Deyanoviç, öz növbəsində Serbiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcudluğuna baxmayaraq, digər sahələrdə, o cümlədən parlamentlərarası əlaqələri genişləndirmək üçün böyük potensialın mövcud olduğunu qeyd edib, ikitərəfli əlaqələrin yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə parlamentləri üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb, ikitərəfli əlaqələrin inkişafı naminə parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi fikrini dəstəkləyib. O, Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. O, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Öz növbəsində, E. Məmmədyarov həm Dağlıq Qarabağ, həm də Kosovo problemi ilə əlaqədar beynəlxalq birliyin ədalətsiz mövqeyi və ikili standartlar siyasətinin təəssüf doğurduğunu ifadə edib, bu və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı Azərbaycan və Serbiyanın eyni mövqedən çıxış etmələrinin hər iki ölkə üçün qarşılıqlı fayda gətirə biləcəyini bildirib.

Həmin gün E. Məmmədyarov Serbiyanın baş naziri Mirko Tsvetkoviçlə də görüşüb. Baş nazir Serbiyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini, ilk növbədə energetika, neft, kimya və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. M. Tsvetkoviç ölkəsinin Rusiya, Qazaxıstan Ukrayna, Belarus, Türkiyə kimi ölkələrlə azad ticarət haqqında sazişlər imzalamasından bəhs edərək, Azərbaycanla da belə bir əməkdaşlığı və sənədin imzalanmasını arzu etdiklərini deyib.

E. Məmmədyarov Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatlar, ölkə iqtisadiyyatına böyük həcmdə xarici sərmayə qoyuluşu, ölkəmizin bir sıra, ilk növbədə enerji sahəsində, iri strateji və regional layihələrin təşəbbüsçüsü və onları reallaşdıran ölkə olması barədə ətraflı məlumat verib, ölkəmizin də Serbiya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğu bildirib.

Azərbaycan XİN başçısı Serbiya baş nazirinin birinci müavini və daxili işlər naziri İvitsa Daçiçlə də görüşüb. İ. Daçiç ölkəsi ilə Azərbaycan arasında vətəndaşların vizasız hərəkəti, həmçinin fövqəladə halların aradan qaldırılması haqqında sazişlər imzalamaq arzusunda olduğunu ifadə edib. Görüş zamanı qloballaşan dünyada beynəlxalq təhlükəsizlik, terrorçuluq, mütəşəkkil cinayətkarlıqla mübarizə və s. aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.

E. Məmmədyarovun növbəti görüşü Serbiyanın müsəlman icmasının liderlərindən biri, Serbiya Sosial-Demokrat Partiyasının sədri, ölkə parlamentində Serbiyanın müsəlman icmasının məskunlaşdığı Sancak bölgəsinin təmsilçisi, Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyayiçlə olub. R.Lyayiç keçmiş Yuqoslaviya ərazisində müharibə zamanı öz yerlərindən didərgin düşərək, Voyevodina diyarının mərkəzi Novi Sad şəhəri ərazisində məskunlaşan serb qaçqınlara, həmçinin Belqrad şəhərində yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən kimsəsiz ana və uşaq stasionarına göstərilmiş humanitar yardımlara görə Azərbaycan dövlətinə, hökumətinə, Heydər Əliyev Fonduna və ölkə rəhbərliyinə minnətdarlığını bildirib, bu addımın Serbiya hökuməti tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib. Serbiyalı nazir ölkəsinin Azərbaycanla enerji, əmək şəraitinin yaxşılaşdırılması, turizm, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu ifadə edərək, sözügedən sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanması təklifi ilə çıxış edib.

E. Məmmədyarov, öz növbəsində ölkələrimiz arasında bütün sahələrdə hərtərəfli əlaqələrin, həmçinin humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsi üçün geniş imkanlar olduğunu bildirib.

Həmin gün E.Məmmədyarov keçmiş Yuqoslaviya lideri İosip Broz Titonun mavzoleyini ziyarət etmişdir.

E. Məmmədyarov, həmçinin Azərbaycanın Serbiyadakı səfirliyində olub, səfirliyin kollektivi, Serbiyadakı Azərbaycan diasporunun nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan iqtisadi-ticarət Palatasının üzvləri ilə görüşüb.
Bununla da, Azərbaycan xarici işlər nazirinin Serbiyaya ikigünlük rəsmi səfəri başa çatıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO