Serbiya Prezidentinin xanımı Azərbaycan xalçaları ilə tanış olub

Fevralın 8-də Serbiya Respublikası Prezidentinin xanımı Dragitsa Nikoliç “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olub.

Qonağa gül dəstəsi təqdim edilmiş və məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, onların bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

Trend-in məlumatına görə, qonağın diqqətinə çatdırılıb ki, 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı “Azərilmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO