Seçki məcəlləsinə dəyişikliklərlə bağlı rəy və təkliflər

Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupun Avropa Şurası Venesiya Komissiyası və ATƏT DTİHB – nin Azərbaycan Respublikasının Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyyələrinə dair

RƏY VƏ TƏKLİFLƏRI

Mətndə istifadə olunmuş ixtisarlar:

ATƏT DTİHB – ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu,

AİHBST BİQ – Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrup

AR SM – Azərbaycan Respublikasının Seçki Məcəlləsi

MSK – Mərkəzi Seçki Komissiyası

DSK – Dairə Seçki komissiyası

MnSK – Məntəqə Seçki Komissiyası

Mündəricat :

I. Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupun Avropa Şurası Venesiya Komissiyası və ATƏT DTİHB – nin Azərbaycan Respublikasının Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyyələrinə dair rəy və təklifləri:
1. Preambula

2. Avropa Şurası Venesiya Komissiyasının

tövsiyyələri

3. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə

edilmiş əlavə və dəyişikliklərin şərhi

4. Nəticə

II. Beynəlxalq ekspertlərin rəyi

Preambula

Azərbaycan Respublikası 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini bərpa etdikdən sonra Qərbə inteqrasiya və azad vətəndaş cəmiyyəti quruculuğu sahəsində müəyyən irəliləyişlər əldə etmişdir. Respublikanın Avropa Şurası üzvlüyünə qəbul olunması, Avropa İttifaqı ilə geniş əməkdaşlığı nəzərdə tutan fəaliyyət planını imzalaması, bir sıra Beynəlxalq Pakt və Konvensiyalara qoşulması bunu əyani sübut edir.

Məlumdur ki, vətəndaş cəmiyyəti quruculuğunda və demokratikləşmə prosesində əsas prioritetlərdən biri azad, ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Bu səbəbdən də Azərbaycan hökuməti 1997-ci ildən etibarən beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin qəbul edilməsi məqsədi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq etmişdir. 2000-ci ildə Avropa Şurasının üzvü olduqdan sonra bu əməkdaşlığın çərçivəsi daha da genişləndirilmiş və prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilmişdir.

1991-ci ildən ötən müddət ərzində Azərbaycanda müxtəlif səviyyələrdə 9 seçki kompaniyası keçirilmişdir. Bu seçkilərin hər biri əvvəlkilərlə müqayisədə seçkilərin beynəlxalq standartlara çatdırılması yolunda irəliyə atılmış bir addım kimi qiymətləndirilə bilər. Seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili də bunu sübut edir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, seçkilər sahəsində tərəqqinin əldə edilməsinə rəğmən, bir sıra nöqsan və çatışmazlıqlar da qalmaqdadır.

Bu çatışmazlıqların aradan qaldırılmasında ölkədə fəaliyyət göstərən siyasi partiyalar, Qeyri Hökümət Təşkilatları və ictimaiyyətin digər nümayəndələri ilə yanaşı, Avropa Şurası, ATƏT DTİHB, Avropa Şurasının Venesiya Komissiyası, Beynəlxalq Seçki Fondu (İFES), ABŞ-ın Milli Demokratiya və Respublikaçılar İnstitutları, Azərbaycanda akkreditə olunmuş bir sıra ölkə səfirliklərinin nümayəndələri Azərbaycan Hökumətinə yaxından yardım edirlər.

Qeyd etmək lazımdır ki, Avropa Şurasının Venesiya Komissiyası 2003 – cü il Prezident, 2004 – cü il Bələdiyyə və 2005 – ci il Milli Məclisə seçkilər ərəfəsində “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı müxtəlif tövsiyyələr etmişdir. ATƏT DTİHB, AŞ Venesiya Komissiyası, İFES Azərbaycan Hökuməti ilə birlikdə dəyişikliklərin müxtəlif layihələrini təhlil etmək məqsədi ilə 2006-cı ildən 2008-ci ilə qədər Strasburq və Bakıda dörd rəsmi görüş keçirmişdir. Müzakirələrin nəticəsi olaraq 2008-ci ilin may ayında AR Milli Məclisinə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi təqdim olunmuş və 02.06.2008-ci il tarixində Milli Məclis həmin əlavə və dəyişiklikləri qəbul etmişdir. AR SM-nə edilən əlavə və dəyişikliklərdə AŞ Venesiya Komissiyası tərəfindən təklif olunmuş tövsiyyələrin bəziləri nəzərə alınmış, bəziləri isə hələ də müzakirə predmeti olaraq qalır.

AR SM-nə əlavə və dəyişikliklər qəbul olunduqdan sonra 2008-ci il Prezident seçkiləri ərəfəsində Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar 11627 saylı Qətnamə qəbul olunmuşdur. Lakin həmin Qətnaməyə və Avropa Şurası Venesiya Komissiyasının seçkilərlə bağlı tövsiyyələrinə ölkə daxilində münasibət birmənalı olmamışdır. İqtidar və müxalifət yönümlü KİV – də bu məsələlərin fərqli, hətta bir – birinə zidd şəkildə işıqlandırılması vətəndaşlar arasında çaşqınlığa səbəb olur. Bu səbəbdən də həmin məsələlərə Vətəndaş Cəmiyyəti İnstitutlarının obyektiv, tərəfsiz mövqeyinə ciddi ehtiyac vardır.

Bu səbəbdən də AİHBST BİQ seçki qanunvericiliyi ilə əlaqədar sənədlərin monitorinqini keçirmiş, Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Respublikası Secki Məcəlləsinə 2003 – 2008 – ci illərdə irəli sürdüyü tövsiyyələrlə Milli Məclisin Secki Məcəlləsinə etdiyi dəyişiklərin müqayisəli təhlilini apararaq həmin məsələ ilə əlaqədar Yekun rəy və Təkliflər paketini hazırlamışdır. Hazırlanmış sənədlər ingilis dilinə tərcümə edilərək Qrupun xarici ekspertləri ilə müzakirə edilmişdir. Yekun rəy və Təkliflər paketi yerli və xarici ekspertlərin birgə müzakirəsindən sonra ictimaiyyətə təqdim edilir.

Avropa Şurası Venesiya Komissiyasının tövsiyyələri

Avropa Şurası Venesiya Komissiyası 2008 – ci ildə keciriləcək Prezident seçkiləri ərəfəsində Azərbaycan Respublikasının “Seçki Məcəlləsi”nə dəyişiklərlə bağlı bir sıra tövsiyyələr etmişdir. Bunlar əsasən aşağıdakılardan ibarətdir:

• Seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərin verilməsi və onlara baxılması mexanizmlərini tənzimləyən Seçki Məcəlləsinə və Mülki Məcəlləyə müvafiq dəyişikliklərin edilməsi;

• Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması;

• Seçki prosesinə, o cümlədən seçki komissiyalarının fəaliyyətinə, təbliğat kampaniyasına hakimiyyət qurumlarının qanunsuz müdaxilə faktları ilə bağlı obyektiv araşdırmaların aparılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün daha səmərəli hüquqi mexanizmlərin hazırlanması;

• Seçki komissiyası tərəfindən şikayətlərə baxılmasını, hər bir şikayət üzrə səsvermənin keçirilməsini və şikayətlər üzrə seçki komissiyalarının qərarlarının sənədləşdirilməsini təmin etmək məqsədilə Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi;

• MSK-ya verilmiş şikayətlərin konkret MSK üzvü və ya əməkdaşı tərəfindən deyil, bu qurumun özü tərəfindən kollegial qaydada araşıdırlması;

• Seçki Məcəlləsində şikayətlərin hansı hallarda məhkəməyə, hansı hallarda isə seçki komissiyasına verilməsinin dəqiqləşdirilməsi;

• Namizədlərin qeydə alınmasından imtinaya aid müddəanın dəyişdirilməsi; (Namizədlərin qeydiyyatının ləğv edilməsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməlidir. Namizədin qeydiyyatının ləğvi yalnız onun namizədliklə bağlı qanunun tələblərinə cavab vermədiyi hallarda məhdudlaşdırılmalıdır);

• Seçkiqadağı kütləvi tədbirlər üçün yerlərin ayrılması;

• Təşviqat hüququnun təkmilləşdirilməsi;

• Maliyyələşdirmə müddəalarının dəyişdirilməsi;

• Qeydiyyatın ləğvi prosedurlarının dəyişdirilməsi;

• İlkin nəticələrin elan edilməsi müddətinin dəyişdirilməsi;

• Seçki prosesindən sonra şikayətə baxılma sisteminin təkmilləşdirilməsi, şikayətlərin imzalanması;

• Cinayət faktları ilə bağlı prokurorluq orqanlarına birbaşa müraciəti məhdudlaşdıran və yalnız seçki komissiyalarına bu cür müraciət hüququ verən normaların yenidən nəzərdən keçirilməsi;

• Seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı iddiaların ədalətli və obyektiv araşdırılımasını təmin edəcək prosedurların müəyyən edilməsi;

• “Konstitusiya məhkəməsi haqqında” qanunda seçkilərin nəticələrinin təsdiq edilməsi, xüsusilə seçkilərin nəticələrinin ləğvi ilə bağlı şikayətlərə baxılmasını tənzimləyən normalara yenidən nəzər salınması.

Onu da qeyd etməliyik ki, verilmiş təkliflərə nə dərəcədə əməl edilməsi məsələləri Avropa Şurası Venesiya Komissiyasının 14 – 15 mart, 26 may, 2 iyun, 12 iyun 2008 – ci il tarixli iclaslarında baxılmışdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin şərhi

Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən verilən tövsiyyələri də nəzərə almaqla 2 iyun 2008 – ci il tarixdə Azərbaycan Respublikası “ Secki Məcəlləsi”nin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir:

• Seçki Məcəlləsinin 8.1. maddəsinə edilən düzəlişə əsasən seçkilər (referendum) səsvermə gününə Məcəllənin əvvəlki redaksiyasında olduğu kimi 120 gün deyil, 75 gün qalmış elan edilir. Seçki prosesinin müddətinin 120 gündən 75 günə qədər azaldılması mənfi hal kimi qiymətləndirilə bilməz, çünki bir sıra aparıcı dövlətlərdə seçki prosesinə daha az vaxt ayrılır. Məsələn, Macarıstanda 45 gün, qonşu Gürcüstanda 60 gün, Rumıniyada 72 gün, Rusiya Federasiyasında 90 gün (amma Rusiyada bu müddət ərzində eyni zamanda həm parlament, həm də prezident seçkilərinin keçirilməsi qanunla mümkündür).

Bu konteksdən yanaşdıqda Azərbaycan reallığında seçki prosesinə ayrılmış 75 günlük müddət normal hesab olunmalıdır.

• Venesiya Komissiyası prezident seçkilərinin iş gününə düşə biləcəyi ilə bağlı öz narahatlığını bildirmişdi ki, bu narahatlıq da artıq aradan qaldırılmışdır. Seçki Məcəlləsinə edilən son dəyişikliyə əsasən 8.2-ci maddə aşağıdakı redaksiyada ifadə edilmişdir: “Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir”.

• Seçki Məcəlləsinə həmçinin seçki komissiyalarının işinə qanunsuz müdaxilənin qadağan olunması ilə bağlı xüsusi müddəa (maddə 111.1) daxil edilmişdir ki, bu da komissiyaların öz işinin müstəqil həyata keçirməsinə şərait yaradan amildir.

• Məcəlləyə əlavə edilən 111.2 maddəsinə əsasən “Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyətə səbəb olur” və bu da bütövlükdə seçki prosesinə hər hansı formada qanunsuz müdaxilə edilməsinə qarşı ciddi xəbərdarlıq hesab olunmalıdır.

Bu dəyişikliklərə paralel olaraq cinayət qanunvericiliyinə də müvafiq dəyişikliklərin edilməsi, seçki qanunlarının pozulmasına səbəb olan hərəkətlərin tövsifedici əlamət kimi AR CM-nin müvafiq maddələrinin dispozisiyasına daxil edilməsi seçki məcəlləsinə edilmiş dəyişikliklərin hüquqi qüvvəsini təmin edir.

• Seçki Məcəlləsinin əvvəlki redaksiyasında 13.3.4-cü maddəyə əsasən başqa dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan vətəndaşlarının passiv seçki hüququna malik olmaması barədə müddəa var idi, lakin həmin öhdəliklərin nədən ibarət olması açıqlanmırdı. Həmin maddəyə edilən əlavəyə əsasən bu öhdəlikərin mahiyyəti açıqlanır və bu düzəliş Venesiya Komissiyasının həmin məsələ ilə bağlı tövsiyyəsinin nəzərə alınması kimi qiymətləndirilməlidir.

• Məcəllənin 22.1-ci maddəsinə qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti xitam verilmiş komissiya üzvlərinin səlahiyyətlərinin seçkilərin nəticələri rəsmən elan olunduqdan sonra bərpa olunması barədə müddəa əlavə edilmişdir. Bununla da seçki komissiyalarının daimi əsasda fəaliyyət göstərməsinə mane ola biləcək məqam aradan qaldırılmışdır.

• Məcəlləyə 25.2.23-cü maddə əlavə edilmişdir ki, həmin əlavəyə əsasən exit-poll keçirən təşkilatlar MSK-da akkreditasiyadan keçməklə yanaşı, MSK həmin təşkilatların akkreditasiyadan keçmə qaydalarını müəyyən edir. Bu müddəa bəzi qüvvələrin iddia etdiyi kimi exit-poll keçirmək istəyən təşkilatlar üçün maneə yaratmaq və ya onların fəaliyyətini məhdudlaşdırmaq kimi qiymətləndirilə bilməz. Belə ki, qəbul edilən maddə exit-poll keçirmək istəyən təşkilatların yalnız MSK-da akkreditasiyasını nəzərdə tutmaqla yanaşı, eyni zamanda bu tədbirə qeyri-ciddi yanaşmanın qarşısını almağa yönəldilmiş addım kimi qiymətləndirilməlidir. Çünki, exit-poll keçirməyi öhdəsinə götürmək iddiasında olan istənilən təşkilat bu tədbiri seçkilərin nəticələrini real əks etdirə biləcək miqyasda keçirmək gücündə olmalıdır. Akkreditasiyadan keçdikdən sonra exit-poll keçirən təşkilat tam müstəqil fəaliyyət göstərir, seçkinin nəticələrinin müəyyən olunması və elan olunmasında heç bir kənar təsirə məruz qalmadan qanunvericiliyə müvafiq olaraq işini yekunlaşdırır.

Bu məsələ ilə bağlı qeyd etmək yerinə düşər ki, Milli Məclisin “Qeyri-Hökumət Təşkilatları haqqında” Qanuna etdiyi düzəlişə müvafiq olaraq Azərbaycanda fəaliyyət göstərən hər bir QHT maliyyələşmə mənbəyindən asılı olmayaraq ilk dəfə olaraq bu seçkilərdə seçkiləri müşahidə etmək və exit-poll keçirmək hüququ əldə etmişdir.

Düzəlişlərə əsasən qeydə alınmış namizədlərin dairə və məntəqə seçki komissiyalarına təyin etdikləri müşahidəçilərə, həmçinin onlar tərəfindən vəkil edilmiş şəxslərə (düzəliş 30) (maddə 72.2) əvvəllər nəzərdə tutulduğu kimi vəsiqə deyil, xüsusi lövhəcik verilir. Belə olan təqdirdə seçki məntəqəsində bilavasitə seçki prosesinə cəlb edilmiş şəxslərin hər birinin yaxasında müvafiq lövhəcik olması nəzərdə tutulur ki, bu da əslində səsvermənin gedişinə aid olmayan şəxslərin məntəqəyə qanunsuz daxil olmasına və seçki prosesinə müdaxilə etməsinin qarşısını almağa yönəlmiş addımdır.

• Məcəlləyə edilən düzəlişlərdən biri də seçki bülletenlərinin qoyulması üçün nəzərdə tutulan zərflərin ləğv edilməsidir. Əvvəlki Məcəllənin 106.3-cü maddəsində seçki məntəqələrində səslər hesablanarkən hansı hallarda səslərin etibarsız sayıla bilməsi barədə müddəa nəzərdə tutulmuşdu ki, hazırda həmin maddə Məcəllədən çıxarılmışdır. Ümumiyyətlə, səslərin hesablanması prosesində zərflərin mövcudluğu bir sıra əlavə problemlərin yaranmasına və bəzən real səslərin etibarsız hesab olunmasına səbəb olurdu. Məsələn, seçicinin səhvən səs verdiyi bülleteni zərfə qoymadan seçki qutusuna atdığı və ya seçki komissiyası üzvünün texniki səhvi səbəbindən qutuda seçicinin səs verdiyi bülletenin qoyulduğu zərfin üzərində möhür olmadığı təqdirdə həmin bülleten etibarsız hesab olunurdu. Yeni düzəlişə əsasən bu kimi maneələr aradan qaldırılmışdır və bu səbəbdən də həmin düzəliş təqdir olunmalıdır.

• Digər düzəliş seçki günü adı seçici siyahısında olmayan vətəndaşların MnSK tərəfindən seçici siyahısına əlavə edilə bilməsi ilə əlaqədar edilən düzəlişdir. Belə ki, əvvəlki Məcəlləyə əsasən müxtəlif səbəblərdən adları seçici siyahılarına daxil edilməyən vətəndaşlar seçkilərin keçirilməsinə 35 gün qalmışdan etibarən və seçki günü yalnız məhkəmə qərarı ilə seçici siyahılarına daxil edilə bilərdilər. Bu hal ötən seçkilərdə çox böyük problemə və narazılığa səbəb olmuşdu. Adları seçici siyahılarında olmayan minlərlə seçici seçki günü məhkəmələrə müraciət etmişdi. Bir sıra hallarda onların iddiası təmin olunmuş, bəzən isə bu cür çoxsaylı müraciətlərə bir gün ərzində baxılaraq düzgün qərar çıxarmaq məhkəmələrin gücü xaricində olduğundan edilən müraciətlər nəticəsiz qalmışdı. Bir çox hallarda isə seçici siyahılarında adları olmayan vətəndaşlar məhkəməyə müraciət etmək həvəsində olmadığından elə bir o qədər də seçici səsvermədə iştirak etmək hüququndan məhrum olmuşdu. Etiraf etmək lazımdır ki, bu vəziyyətdən sui-istifadə halları da yox deyildi. Edilən son düzəlişə əsasən seçici şəxsiyyət vəsiqəsi ilə MnSK-ya müraciət edir və şəxsiyyət vəsiqəsində olan məlumatlara istinad olunmaqla dislokasiya üzrə MnSK qərarı ilə seçici siyahısına daxil olunaraq səsvermədə iştirak edir.

• Venesiya Komissiyasının tövsiyyələrindən biri də seçici siyahılarında vətəndaşların yaşadıqları evlərin və mənzillərin nömrələrinin göstərilməsinin vacib olması idi ki, həmin tələb yerinə yetirilmişdir (20-ci düzəliş). Bu düzəliş seçici siyahılarının şəffaflığına xidmət edir.

• Digər düzəlişə əsasən (düzəliş 22-ci maddə 54.5.4.) əvvəllər əgər siyasi partiyaların səlahiyyətli nümayəndəsinin vəkalətnaməsi yalnız notariat qaydasında rəsmiləşdirilə bilərdisə, indiki halda bu rəsmiləşmə AR Mülkü Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılır. Bu da ona imkan verir ki, səlahiyyətli nümayəndə öz vəkalətnaməsini notariusdan əlavə yerli icra nümayəndəliyində, bələdiyyədə, iş yeri üzrə və qanunvericiliyə müvafiq olaraq sair formada rəsmiləşdirə bilsin. Bu mənada vəkalətnamənin yalnız notariat qaydasında rəsmiləşdirilə bilməsi ilə əlaqədar məhdudiyyət aradan qaldırılmışdır.

• Qeydiyyat depozitinin ləğv olunmasını nəzərdə tutan düzəliş (24-cü düzəliş) bir qədər mübahisəlidir. Hesab edirik ki, qeydiyyat depoziti yalnız prezidentliyə namizədlər üçün ləğv olunmalı idi, belə ki, prezident seçilmək iddiasında olan şəxsin 40 min seçici imzası toplaması heç bir problem yaratmamalıdır (əvvəlki 45 min imzanın 40 min imza ilə əvəz olunması da təqdir olunan düzəlişlərdəndir)

• Digər bir düzəliş də seçkiqabağı təşviqatla bağlıdır (37-ci düzəliş). Həmin düzəlişə əsasən məcəlləyə 81.11 saylı yeni maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən: “Televiziya və Radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır”.

• Digər düzəlişə əsasən seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə yerləşdirilməsi qadağandır (düzəliş 38). Bu düzəlişin şübhəsiz müsbət tərəfləri vardır, belə ki, hər dəfə seçkilər vaxtı şəhərdəki binaların, obyektlərin vitrin və divarlarının namizədlərin şəkilləri və təşviqat materialları ilə hansı vəziyyətə salınması göz qabağında olan məsələdir və bunun qarşısının qanunvericiliklə alınması təqdir olunmalıdır. Eyni zamanda hesab edirik ki, bu məqsədlə ayrılacaq xüsusi yerlər və reklam şitlərinin sayı bütün namizədlərə bərabər təbliğ olunmaq imkanı verəcək səviyyədə olmalıdır.

• Növbəti düzəliş səsvermə günü seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsidir. Bu düzəliş Venesiya Komissiyasının tövsiyyələri siyahısında olmuşdur. Bildiyimiz kimi, hələ 2005-ci il parlament seşkiləri öncəsi MSK səsvermə günü seçicilərin barmaqlarının gözəgörünməz boya ilə işarələnməsi barədə qərar vermiş və qısa müddət ərzində bu işin təşkilinə nail olmuşdu. Hazırda həmin məsələnin seçki məcəlləsinə daxil edilərək qanunvericilikdə təsbit olunması təqdirəlayiq haldır və seçkilərin şəffaflığına xidmət edəcək amildir.

• Digər düzəlişə əsasən (56-cı düzəliş) əgər əvvəlki məcəllədə (maddə 105.2) seçicilərin səsvermə otağından kənarda səs vermək istəməsi haqqında müraciətləri səsvermə gününə azı 2 gün qalmış DSK tərəfindən təsdiq olunurdusa, hazırda həmin müddət 12 saata qədər azaldılmışdır ki, bu da operativliyə və seçicilərin hər hansı səbəbdən səsvermədə iştirakdan kənarda qalması faizinin azalması deməkdir.

• 62-ci düzəlişə əsasən seçkinin ilkin nəticələri əvvəlki SM-də olduğu kimi 2 gün sonra deyil, DSK tərəfindən MSK-ya təqdim edildikdən dərhal sonra seçki dairələri üzrə səsvermənin nəticələrinin ümumiləşdirən cədvəl şəklində dərc edilir və MSK-nın internet səhifəsində yerləşdirilir. Bu düzəliş də seçkinin nəticələrinin ictimaiyyətə operativ çatdırılması və prosesin şəffaflığı deməkdir.

• Venesiya Komissiyasının təklifləri içərisində maliyyə məsələləri ilə bağlı maddələrə əlavə və dəyişikliklərin edilməsi tövsiyyəsi var. Son dəyişikliklərə əsasən həmin təklif qəbul olunmuşdur. “Şərti maliyyə vahidi” ifadələri yeni manatla göstərilmiş konkret məbləğlərlə ifadə olunmuşdur. Bununla yanaşı həm prezident, həm də parlament seçkiləri zamanı namizədlərin seçki fondunun məbləğinin yuxarı həddi bir neçə dəfə artırılaraq Prezidentliyə namizədlər üçün 10 mln.manat, Milli Məclis üzvlüyünə namizədlər üçün 500 min manat məbləğində müəyyən olunmuşdur;

AR Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərin şərhindən də göründüyü kimi, AŞ Venesiya Komissiyasının seçki qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində Azərbaycan Hökumətinə verdiyi tövsiyyələrin əksər hissəsi qəbul olunmuşdur.

Bununla belə Azərbaycan Respublikası Milli Məclisində “Secki Məcəlləsi”nə əlavə və dəyişikliklər edildikdən sonra Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabat müzakirə edilərək, 11627 saylı qətnamə layihəsi əlavə və dəyişikliklərlə qəbul olunub. Qətnamədə Azərbaycan Hökumətinə prezident seçkilərinə kimi aşağıdakı işlərin görülməsi tövsiyyə olunmuşdur:

1. Seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması;

2. Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi;

3. Dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması;

4. Müxalifət partiyalarının mitinq keçirmək hüququna qarantiya verilməsi.

Venesiya Komissiyasının “ Secki Məcəlləsi”nin təkmilləşdirilməsi ilə bağlı tövsiyyələri və Milli Məclisin Seçki Məcəlləsinə etdiyi son dəyişikliklərin təhlili sübut edir ki, Azərbaycan Hökuməti seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməlidir.

Nəticə

AİHBST BİQ “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsinə yardım etmək məqsədilə Milli Məclisdə Secki Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərdə ATƏT DTİHB və AŞ Venesiya Komissiyasının bir sıra təkliflərinin qəbul olunmaması səbəblərini aşkara çıxarmaq üçün müqayisəli təhlillər və tədqiqat işləri apararaq aşağıdakı nəticələrə gəlmişdir:

1. Seçki komissiyalarının formalaşdırılması

Venesiya Komissiyasının təklifləri içərisində hələ də öz həllini tapmayan və Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı ən çox mübahisə doğuran məsələ seçki komissiyalarının formalaşdırılması ilə bağlı olduğundan AİHBST BİQ bu məsələ barədə nisbətən daha geniş izahat verilməsini vacib hesab edir.

Seçki komissiyalarının hazırki formatı Venesiya Komissiyası və Azərbaycan Hökuməti arasında gedən danışıqların nəticəsi olaraq Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanunu ilə müəyyənləşdirilmişdir. Həmin Qanuna əsasən Seçki Məcəlləsinin seçki komissiyalarının tərkibi ilə bağlı maddələri 2005-ci ildə yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci iclas günü qüvvəyə minmişdir.

Seçki komissiyalarının tərkibi ilə bağlı ATƏT-in DTİHB və Venesiya Komissiyası Azərbaycan Hökuməti, siyasi partiyalar, QHT-lər və ictimaiyyətin nümayəndələri ilə danışıqlar aparmış, dəyirmi masalar təşkil etmiş, müzakirələr keçirmişdir. Bütün cəhdlərə baxmayaraq bu məsələ hələ də öz həllini tapmamışdır. Səbəb isə həmin məsələdə maraqlı olan tərəflərin ortaq məxrəcə gələ bilməməsidir. Müxalif siyasi partiyalar komissiyaların paritet əsaslarla formalaşmasında israrlıdırlar. Azərbaycan hökuməti isə 2000-ci il təcrübəsindən çıxış edərək paritet əsaslarla formalaşmanın komissiyaların işini iflic vəziyyətinə sala biləcəyi fikrindədir.

Ümumiyyətlə, seçki komissiyalarının formalaşması ilə bağlı cəmiyyətdə müxtəlif fikir və təkliflər mövcuddur. Məsələn, bir qrup siyasi partiya komissiyaların Parlamentdə təmsil olunan müxalif siyasi partiya və hakim partiya tərəfindən paritet əsaslarla formalaşması təklifi ilə çıxış edir. QHT-lər isə komissiyaların QHT nümayəndələrindən təşkil olunmasını təklif edirlər. Cəmiyyətdə komissiyaların həmçinin heç bir partiyaya mənsub olmayan bitərəf şəxslərdən təşkil olunması təklifi də mövcuddur.

AİHBST BİQ seçki komissiyalarının (ilk növbədə MSK-nın) ölkədə fəaliyyət göstərən siyasi partiyaların təsir dairəsində olmamaq şərtilə seçki təcrübəsinə malik peşəkar hüquqşünaslardan təşkil olunmasını təklif edir.

2. Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi

Venesiya Komissiyasının tövsiyyələri içərisində vətəndaşların seçki ilə əlaqədar şikayətlərinə baxılması sisteminin dəyişdirilməsi və təkmilləşdirilməsi əsas yerlərdən birini tuturdu. Hələ 2005-ci il parlament seçkiləri ərəfəsində ATƏT-in və Venesiya Komissiyasının təklifləri nəzərə alınaraq MSK “Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında şikayət və müraciətlərə baxılması qaydalarına dair” xüsusi Təlimat qəbul etmişdi. Hazırda Seçki Məcəlləsinə edilən düzəlişlərə əsasən Məcəllənin əvvəlki 112.5-ci maddəsi yeni redaksiyada verilmiş, həmçinin Məcəlləyə 1121 yeni maddə əlavə olunmuşdur, həmin maddədə vətəndaşlar tərəfindən seçki ilə əlaqədar verilmiş şikayətlərə baxılması qaydaları və proseduru tam olaraq öz əksini tapmışdır. 1121.1. maddədə şikayətlərə baxılması üçün MSK-nın nəzdində 9 nəfərdən, DSK-ların nəzdində isə 3 nəfərdən ibarət hüquq təhsilli müvafiq ekspert qruplarının formalaşdırılması nəzərdə tutulmuşdur ki, bu da faktiki olaraq şikayətlərə baxılması sahəsində yeni strukturun formalaşdırılması deməkdir.

3.Dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması

Seçkiqabağı təşviqatın yalnız ictimai teleradio tərəfindən aparıla bilməsini nəzərdə tutan düzəliş əslində AzTV-nin seçkiqabağı təşviqatla bağlı funksiya və səlahiyyətlərinin İctimai TV – yə verilməsidir. Burada məsələnin mahiyyəti dəyişmir və bu əslində digər ölkələrdə qəbul olunmuş normadır. Sadəcə olaraq Azərbaycanda ictimai teleradionun yaranması əvvəlki Seçki Məcəlləsinin qəbulundan sonraya təsadüf etdiyindən həmin düzəliş indi edilmişdir. İctimai televiziya verlişlərinin yayımının Respublika ərazisinin 85% – ni əhatə etməsi, bundan başqa Respublikanın bütün ərazilərinə yayımlanan XƏZƏR, ANS, LİDER, SPACE, ATV özəl televiziya şirkətləri və regionlarda yayımlanan özəl tele – kanallardan namizədlərin ödənişli efir vaxtından istifadə imkanlarını nəzərə alsaq seçki kampaniyası dövründə bu sahədə hər hansı problemin olmayacağı qənaətinə gəlmək olar.

4. Müxalifət partiyalarının mitinq keçirmək hüququna qarantiya verilməsi.

Son bir neçə il ərzində Azərbaycan Hökuməti ilə Beynəlxalq təşkilatlar, həmçinin AŞ Venesiya Komissiyası arasında 1998-ci ildə qəbul olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” AR Qanununa əlavə və dəyişikliklərin razılaşdırılması üzərində iş aparılıb. Nəhayət 2007-ci ilin sonunda AŞ Venesiya Komissiyası öz tövsiyyələrini verib və layihəni qəbul edib. Bundan sonra 30.05.2008-ci il tarixdə AR Milli Məclisində “Sərbəst toplaşmaq azadlığı haqqında” AR Qanununa əlavə və dəyişikliklər qəbul olunmuşdur və Qanuna edilən son dəyişikliklər Beynəlxalq Təşkilatlar tərəfindən müsbət qiymətləndirilmişdir.

AİHBST BİQ hesab edir ki, mövcud qanunvericilik insanların sərbəst toplaşmaq hüququna qarantiya verir.

 

Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq

Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupun

Avropa Şurası Venesiya Komissiyası və ATƏT DTİHB – nin Azərbaycan Respublikasının Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyyələrinə dair rəy və təklifləri ilə bağlı

Xarici Ekspert Qrupunun

RƏYİ

Seçki bir sıra nəticələri özündə ehtiva edən mürəkkəb bir hadisədir. Fundamental hüquq və dəyərlər burada qarşı-qarşıya gəlir, bu isə elə bir ölçülüb-biçilmiş yanaşma tələb edir ki, bütün hüquqlar qorunsun və maraqlar balanslaşdırılsın.

Azərbaycanın coğrafi mövqeyi, tarixi, eyni zamanda isə iqtisadi və strateji əhəmiyyəti hər zaman sabitliyin saxlanmasını və bunu təmin edən faktorların qorunmasını zəruri edir.

Xarici ekspert qrupu hesab edir ki, Azərbaycanda Beynəlxalq İnsan Haqları üzrə Beynəlxalq Standartların Tətbiqi üzrə Beynəlxalq İşçi Qrupunun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və AŞPA-nin Venesiya Komissiyasının tövsiyyə və tələbləri ilə bağlı avqust ayında hazırladığı rəy və təkliflər düzgün və obyektivdir.

Xarici ekspert qrupu həmin rəy və təkliflərə aşağıdakı fikir və nəticələri əlavə etmək istərdi:

1. Görülən tədbirlərin sayı və əhəmiyyətini nə qədər sual altına qoymağa çalışsalar da, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün və effektiv demokratik sistemin qurulması məqsədi ilə bir tərəfdən ümumi dinamiklik, digər tərəfdən də aşkar səylərin və ümidverici islahatların aparılması ilə xarakterizə olunan siyası iradənin nümayişini heç kim dana bilməz;

2. Xarici ekspertlər qrupu bu görülən tədbirlərin tam siyahısını sadalamaq məqsədini qarşisina qoymur; bununla belə xarici ekspertlər qrupu “vaxt” amilinin “reallaşdırıla bilmə ” anlayışının ən əsas amili olduğunu təsdiq edir, bu isə demokratiyanın “zəruri” şərtidir;

3. Bundan əlavə, baxmayaraq ki, yerli ekspertlər qrupu bu sənədi hazırlayarkən açıq-aydın AŞPA-nin Venesiya komissiyasının tələblərinə müvafiq olaraq azad seçkilər prinsipini əsas götürüblər, Xarici Ekspertlər Qrupu etiraf edir ki, Azərbaycan cəmiyyəti üçün abstrakt olaraq seçilmiş “demokratik model”in transfer edilməsində çətinliklər istisna edilə bilməz və hər bir konkret ölkənin spesifikliyinə uyğun ( in casu) dəyişə bilər;

Beləliklə, həyata keçirilən islahatlar danıla bilməz və onların demokratik dövlət quruculuğu ilə ziddiyət təşkil etməsi iddia oluna bilməz;

4. Islahatların keçirilməsində “ləng irəliləmə” onların “addım-addım” tətbiq olunmasının zəruriliyi ilə bağlıdır;

5. Digər tərəfdən, hər bir ciddi islahat onun təbii nəticələri nəzərə alınmaqla həyata keçirilməlidirlər ;

6. Qeyd olunan islahatlar gələcəkdə də eyni iradə nümayişi ilə həyata keçirilməlidirlər;

7. Xarici ekspertlər qrupu təklif edir ki, bütün məsələlər, o cümlədən, böhran və provokasiyalar Rəy Komissiyası tərəfindən dərhal müzakirə edilə bilər, bu müxtəlif qurumlar tərəfindən seçki prosesində olan çatışmazlıqlar və ya irəliləyişlər ilə bağlı hesabatların hazırlanmasında kömək edə bilər;

Balanslaşdırılmış və çoxsaylı tərkibi olan bu komissiya müstəqilliyi və qərəzsizliyin təminatçısı ola bilər, bütün tədbirlərin şəffaflığını təmin etməklə seçicinin özünə olan əminliyini gücləndirər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO