Seçici səslərinin yenidən hesablanması nəticənin dəyişməsinə bir o qədər təsir etməyəcək – ekspertlər

İranın Nəzarət Şurası iyunun 12-də keçirilmiş prezident seçkiləri ilə bağlı səslərin yenidən hesablanması üçün hər hansı addım atsa belə, bu, nəticənin dəyişməsinə bir o qədər təsir göstərməyəcək. İranda prezident seçkilərinin nəticəsinə etiraz olaraq, kütləvi aksiyalar keçirilir. Prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları seçkilərdə geniş saxtakarlıq olduğunu bildirirlər. İran Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Nəzarət Şurasının nəzarəti ilə keçirilmiş seçkilərdə Mahmud Əhmədinejadın səslərin 63.6%-ni qazanması elan olunub. Etirazlara reaksiya olaraq, Nəzarət Şurasının sözçüsü Abbasəli Kəkxudai iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Nəzarət Şurası “bəzi sandıqlar”ın səslərini təkrar saymağa hazırdır.

Almaniyada fəaliyyət göstərən iranlı politoloq Həsən Şəriətmədari hesab edir ki, İranın Nəzarət Şurası səslərin yenidən sayılması ilə bağlı ola bilsin ki, hansısa addımı atsın, lakin bunun nəticənin dəyişməsinə bir o qədər təsiri olmayacaq.

Musəvi seçkilərdəki məğlubiyyətini qəbul etməyərək rəqibi Əhmədinejadı seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edib. İranda cümə günündən etibarən etiraz aksiyaları keçirilir. BBC-nin məlumatına əsasən, bazar ertəsi keçirilən aksiyada bir milyondan artıq insan iştirak edib. Məlumata əsasən, həmin mitinq iştirakçıların sayına görə İran İslam İnqilabından sonra ən izdihamli nümayişdir. Son məlumata əsasən, polis ilə toqquşma nəticəsində 25 nəfər həlak olub, yüzlərlə siyasi fəal, o cümlədən sabiq vitse-prezident Məhəmməd Əli Əbtəhi həbs olunub.

Şəriətmədari hesab edir ki, əhali İranın Nəzarət Şurasına inanmır. “Bundan öncəki seçkilərdə də əhali seçkinin saxtalaşdırılması haqda ehtimallar səsləndirdiyi zaman Nəzarət Şurası yenidən hesablama aparıb, nəticəni öz istəyinə və ya Ali Rəhbərin (Ayətullah Xamenei) istəyinə uyğun olaraq dəyişdi”, – deyə Şəriətmədari çərşənbə axşmaı Berlindən telefonla Trend News-a bildirib.

Siyasi elmlər doktoru və beynəlxalq məsələlər üzrə iranli ekspert Davud Hermides Bavəndin fikrincə, İranın Nəzarət Şurası prezident seçkilərində iştirak etmiş seçicilərin səslərinin yenidən hesablanması prosesini şəffaf həyata keçirərsə, kimin qələbə qazandığı aydın olacaq.

İranın Nəzarət Şurası İran İslam Respublikasının nəzarət qurumlarından biridir. Həmin Şuranın 12 üzvi var. Nəzarət Şurasının 6 üzvu birbaşa Ali Rəhbər Xamenei tərəfindən təyin olunur, digər altı üzvu isə, hüquqşünaslardır. Onlar İran Ədliyyə Nazirliyi tərəfindən parlamentə təqdim olunurlar və səlahiyyətləri parlament tərəfindən təsdiqlənir. Həmin altı nəfərin səlahiyyətinin təsdiqində də bilavasitə Xameneinin rolu var. Nəzarət Şurası İran Parlamentinin bütün qanunlarının və eləcə də bələdiyyə seçkilərindən başqa ölkədə keçirilən bütün seçkilərdə iştirak edəcək namizədlərin səlahiyyətlərini təsdiqləyir. Ekspertlərin fikrincə, hər halda Nəzarət Şurası Ayətullah Xameneinin istəyinə uyğun addım atacaq.

İranın Ali rəhbəri Ayətullah Xamenei iyunun 16-da çıxışında yenə də dolayısı ilə Əhmədinejadı “xalqın seçdiyi prezident” elan edib. Mehr agentliyinin məlumatına əsasən, Xamenei müxalifəti “dözümsüzlük və reallıqlarla barışmamaqda” ittiham edib. Eyni zamanda, o, seçkilərin nəticəsinə yenidən baxılacağını bildirib.

“Nəzarət Şurası bəzi seçki məntəqələrinin nəticələrinə kicik dəyişikliklər etməklə əhalini aldatmaq istədiyi halda, xiyabanlarda mitinqlər keçirən əhalinin sakitləşəcəyinə inanmıram”, – deyə Bavənd Trend News-a açıqlamasında bildirb.

Şəriətmədarinin sözlərinə görə, İranda keçirilən prezident seçkilərində çox sayda saxtakarlıqlara yol verilib, əhali arasında Nəzarət Şurasına inamsızlıq yaranıb. “Bu baxımdan əhali səsvermənin nəticələrinin yenidən hesablanmasının beynəlxalq qurumlar tərəfindən həyata keçirilməsini istəyir”, – deyə Şəriətmədari bildirib. Lakin digər iranli ekspert Həmid Xoiniha hesab edir ki, Xameneinin Nəzarət Şurasına seçkinin nəticələri ilə bağlı etirazlara baxılması üçün bir başa göstəriş verməsi göstərir ki, bu qurum səs vermiş seçicilərin səsinin yenidən hesablanması prosesini mütləq həyata keçirəcək.

“İranın Ali rəhbəri özü Nəzarət Şurasına seçkilərin nəticələri ilə bağlı etirazları araşdırmağı tapşırıb. Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayaraq bildirib ki, səslərin hesablanmasında namizədlərlə hərtərəfli şəkildə əməkdaşlıq etməyə hazırdır. Əgər seçkilərin nəticələrinə dair hansısa şübhə belə olmuş olsa, Ali rəhbərin göstərişinə əsasən, Nəzarət Şurası namizədlərlə birlikdə bu məsələni araşdıracaq”, – deyə Mehr xəbər agentliyinin eksperti Xoiniha telefonla Tehrandan bildirib.

Hermidas Bavəndin fikrincə, əhalinin sakiləşməsi üçün seçkilərin nəticələri ləğv olunmalı və yenidən prezident seçkiləri keçirilməlidir. “Xiyabanlarda mitinqlər keçirən əhalinin sakitləşməsi üçün seçkilərin nəticələri ləğv olunmalı, yenidən seçkilər keçirilməli və ya keçirilmiş seçkilərin nəticələrinə yenidən baxılmalıdır”, – deyə Hermidas Bavənd çərşənbə axşamı Tehrandan bildirib. Onun sözlərinə görə, ölkədəki mövcud gərgin vəziyyət böhran həddinə çatmamış, belə gərginliyə səbəb olmuş amillər aradan qaldırılmalıdır. “Ölkdədəki mövcud gərginlik hökumətin və xalqın xeyrinə deyil”, – deyə o bildirib.

Lakin Xoiniha hesab edir ki, Nəzarət Şurası prezident seçkiləri ilə bağlı səsvermənin nəticələrinin yenidən hesablanmasını həyata keçirərsə və nəticələrdə hər hansı bir dəyişiklik olarsa, bu, ölkədə mövcud olan demokratiyanın göstəricisi olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO