Rusiya xarici işlər naziri Sergey Lavrovun prezidentlərin görüşündən sonra mətbuat üçün açıqlaması

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 25-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov kütləvi informasiya vasitələri üçün açıqlama vermişdir. S.Lavrov demişdir:

“Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilmişdir. Görüşdə ötən il eyni formatda aparılan danışıqlar davam etdirilmişdir. Danışıqlar ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin münaqişənin bütün maraqlı tərəfləri razı salacaq dinc vasitələrlə həlli yollarının axtarılmasına dair səylərini möhkəmləndirmişdir. Həmsədrlərin təqdim etdikləri konkret təkliflər nəzərdən keçirilmişdir. Ümumi anlaşma vardır və bunu hamı sənədin preambulasında təsdiq etmişdir. Hamı bu sənədin mövcudluğunu faydalı hesab etmişdir. Çünki o, danışıqları mücərrəd şəkildə deyil, konkret fikirlər əsasında aparmağa imkan verir. Bu gün başlıca nəticə budur ki, tərəflər sənədin hələlik razılığa gəlmədikləri hissələri ilə əlaqədar konkret ideyalarını, xülasələrini hazırlayacaqlar və onlar mətnə daxil ediləcəkdir. Biz əminik ki, bu, həmsədrlərə onların gələcək işində kömək edəcəkdir. Ona görə də bütövlükdə açıq, şübhəsiz ki, faydalı danışıqlar aparılmışdır. Prezidentlər danışıqları davam etdirmək barədə razılığa gəlmişlər.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO