Rumıniyanın Konstansa şəhərində Azərbaycanın Fəxri Konsulluğu rəsmi fəaliyyətə başlayıb

Aprelin 22-də Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərindəki Fəxri Konsulluğunun inzibati ofisinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Rumıniya parlamentinin deputat, senatorları, dövlət və hökumət nümayəndələri, Kontansa şəhərində yerləşən universitetlərin rektorları, ictimai təşkilat və fondların üzvləri, tanınmış ədəbiyyat, tarixçi, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, xarici ölkələrin Konstansa şəhərindəki Baş və Fəxri Konsulları, diplomatları, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, türk-tatar icmalarının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan səfir Eldar Həsənov ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə sürətlə inkişaf edərək, tarixi dostluq və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyini qeyd edib.
O, siyasi, iqtisadi, humanitar əlaqələrdə olduğu kimi xalqlarımızın mədəni sahədə də əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin səfir vurğulayıb ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan paytaxtının mərkəzi parklarının birində Rumıniyanın görkəmli alimi, musiqiçi Corc Eneskunun heykəli ucaldılıb, eləcə də klassik Azərbaycan ədəbiyyatının, eyni zamanda müasir dövrün şair və yazıçılarının əsərləri rumın dilinə, rumın ədəbiyyatının əvəzsiz nümunələri isə Azərbaycan dilinə tərcümə olunub.
Səfir Eldar Həsənov bildirib ki, Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyəyə gəlməsində Rumıniyada inqilabdan sonra Azərbay­canda isə müstəqilliyin bərpasından sonra hər iki ölkəyə başçılıq etmiş İon İlyesku, Emil Konstantinesku, Trayan Basesku, Heydər Əliyev və Prezident İlham Əliyev arasında mövcud olan səmimi, dost və mehriban şəxsi münasibətlərin müstəsna rolu olmuş və bu gündə bu münasibətlər uğurla davam etməkdədir.
Eyni zamanda, Eldar Həsənov ölkəmizin Rumıniyanın Konstansa şəhərindəki Fəxri Konsullu Qabriel Valentin Komaneskunun Azərbaycan-Rumıniya münasibətlərinin bütün sahələrdə daha da genişləndirilməsi istiqamətindəki xidmətlərini vurğulayaraq, Fəxri Konsulluğumuzun fəaliyyətə başlamasının iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verəcəyini bildirib.
Daha sonra səfir Eldar Həsənov Rumıniyada 12 illik fəaliyyətinin başa çatdığını, fəaliyyəti dövründə səfirliyimizin Konstansada yaşayan türk-tatar birliyi, habelə bu şəhərdəki dövlət və ictimai təşkilatlarla səmərəli əməkdaşlıq etdiyini, bu əlaqələrin inkişafının davamlı olacağına əminliyini bildirib.
Tədbirdə çıxış edən Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, Rumıniya parlamentində Rumıniya-Azərbaycan dostluq qrupunun sədr müavini, deputat Kristian Rizea, Rumıniya hökumətinin Konstansa şəhəri üzrə nümayəndəsi (perefekt) Eugen Bola, Rumıniya müsəlmanlarının dini lideri (müfti) Yusuf Murat Azərbaycanın Rumıniya üçün strateji əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində Fəxri Konsulluq institutunun təsis edilməsini əlamətdar hadisə kimi qiymətləndirib və Fəxri Konsulluğun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyindən əminlik bildiriblər.
Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərindəki Fəxri Konsulu Qabriel Valentin Komanesku Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin bu qərarından məmnunluq hissi keçirdiyini, onu minnətdarlıqla qarşıladığını, iki ölkə arasında hər bir sahədə geniş əməkdaşlığın mövcud olduğunu, Azərbaycanın son zamanlar regionda habelə Avropada nüfuzunun artdığını, Avro-Atlantik institutlara fəal inteqrasiya etdiyini, ölkə daxilində və beynəlxalq müstəvidə bir çox uğurlara imza atdığını bildirib.
O, öz gələcək fəaliyyətində ölkəmizi fəal təmsil edəcəyini, qarşılıqlı maraqlara əsaslanan əlaqələrin inkişafı, Azərbaycan diasporunun möhkəmlənməsi və onun maraqlarının təmin olunması istiqamətində fəal səy göstərəcəyini qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO