Riçard Morninqstar məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya səfər edib


Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda və şəhər ətrafında məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya səfər edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir icmalardakı həyat şəraiti və sakinlərlə yaxından tanış olmaq üçün icmalara baş çəkib.
Morninqstar əvvəlcə Binəqədi rayonundakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya, sonra isə məcburi köçkünlər üçün inşa edilmiş məktəbə gəlib.
Səfir Müşfiqabad qəsəbəsinə səfər edərək yerli sakinlərlə görüşüb, tezliklə məcburi köçknülərin ixtiyarına veriləcək məktəbə baş çəkib və ərazidə həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov səfiri və onun rəhbərlik etdiyi nümayəndə heyətini səfər ərzində müşayiət edib.
Səfər ərzində səfir Morninqstar 90-cı illərdə bir neçə çadır düşərgəsinə baş çəkdiyini və bunun bütün azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu anladığını bildirib.
“Mən bilirəm ki, Azərbaycan hökuməti məcburi köçkünlərə və qaçqınlara kömək etmək üçün çoxlu işlər görüb. Mən şadam ki, Birləşmiş Ştatlar və müxtəlif beynəlxalq təşkilatlar da köçkünlərə və qaçqınlara öz köməyini göstəriblər. Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək və müxtəlif icmalarda müvəqqəti məskunlaşan bu ailələrə öz evlərinə qayıtmaq imkanı vermək vacibdir”, – səfir bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO