İşıqforların və avtobus dayanacaqlarının ətrafı hələ də taksilərin “işğalı altındadır “

Bu gün Bakı şəhərinin yollarında müşahidə olunan avtomobil sıxlığının səbəbi təkcə avtomobillərin sayca çox olması ilə bağlı deyil. Problemi kəskinləşdirən amillərdən biri də əksər sürücülərin qaydalara əməl etməməsidir. Məsələ ondadır ki, şəhərdə fəaliyyət göstərən bir sıra taksi sürücüləri dayanacaqlarda avtobusların yerini tutur. Bu minvalla dayanacaqlarda duran taksilər avtobusların hərəkət intervalını pozur.
Belə olan halda, istər-istəməz, avtobus sürücüləri məcburən dayanacaq üçün nəzərdə tutulmayan yerdə maşını saxlamalı olur ki, bu da öz növbəsində taxaca, yaxud da yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur. Digər tərəfdən, taksilərin aralarında olan məsafənin azlığı da tıxaca əlavə zəmin yaradır. Taksi sürücülərinin yaratdığı problem təkcə bununla bitmir. Dayanacaqları zəbt etmələri azmış kimi, çox vaxt taksi sürücüləri avtomobili işıqforun yanında saxlayır. Taksi sürücülərinin işıqforlardan dayanacaq kimi isifadə etməsi az qala adiləşib. Belə hallar xüsusən də şəhərin bir sıra mərkəzi küçələrində qabarıq şəkildə özünü göstərir. Təəssüflər olsun ki, Nəqliyyat Nazirliyi işçiləri çox vaxt bu kimi halları görməzdən gəlir. Halbuki, qurumun təmsilçiləri məsələyə diqqəti artırsa, taksi sürücülərinin işıqforların yanından dayanacaq kimi istifadə etməsi bu dərəcədə geniş vüsət almaz.

Məsələyə münasibət bildirən “Təhlükəsiz yol” Alyansının koordinatoru Şahin Camalov yaranan problemlə bağlı bir sıra məqamlara toxundu: “Bu elə bir məsələdir ki, gündəlik həyatımızda tez-tez bu kimi problemlərlə rastlaşırıq. Ümumiyyətlə, nəinki taksilər, digər ictimai nəqliyyat vasitələri də işıqforlardan dayanacaq kimi istifadə edir. Dəfələrlə taksilərin bu kimi pozuntulara yol verdiyinin şahidi olmuşam və hətta özüm bir neçə dəfə bununla bağlı 102 qaynar xəttinə müraciət etmişəm. Görürsən ki, taksilər nəinki işıqforun yanında, o cümlədən, avtobus dayanacağının yerində dayanır və nəticədə tıxac yaranır. Sözügedən problemin aradan qaldırılmasını bəziləri cərimələrin artırılmasında görür. Şəxsən mən bununla razı deyiləm və hesab edirəm ki, Azərbaycanda bununla bağlı cərimələrin məbləği həddən artıq yüksəkdir. Belə olan vəziyyətdə bu kimi hallara qarşı cərimələrin bir qədər də artırılması müsbət nəticə verməz. Çıxış yolunu onda görürəm ki, mövcud olan qaydalara riayət olunmalıdır. Yeni qaydalar yaratmaqdansa, yeni cərimə növləri təyin etməkdənsə, mövcud olan qaydaların daha rahat işləməsi üçün mexanizmlər işlənməlidir. Fikrimcə, bu metod daha effektli olar”.

Ş.Camalovun açıqlamasından o da məlum oldu ki, “Taksiləri işıqforların yanında, avtobus dayanacaqlarında, səkilərdə, ikinci-üçüncü cərgələrdə saxlayırlar. Bütün bunlar yollarda ciddi problemlərin yaranmasına səbəb olur. Ona görə də başda Dövlət Yol Polisinin əməkdaşları və digər qurumlar sözügedən hallara qarşı reydləri intensivləşdirməlidir. O üzdən hesab edirəm ki, müvafiq qurumlar buna ciddi nəzarət etməlidir. Xüsusən də nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan qaydaların işləməsinə şərait yaradılmalıdır. Niyə ictimai nəqliyyatı idarə edən sürücülərə bu qədər sərbəstlik verilir? Taksilər, avtobuslar istədikləri yerə girir, qoşa xətti taptalayır, çox rahatca əks tərəfdən gələn avtomobilin yolu ilə hərəkət edir və s. Bütövlükdə, Nəqliyyat Nazirliyinin bu sahədəki fəaliyyətindən razı deyiləm. Ancaq sözügedən məsələdə yaxşı olardı ki, DYP fəallığını bir qədər də artırsın. NN-nin sözügedən məsələdə üzərinə düşən başlıca işlərdən biri də maarifləndirməni gücləndirməkdir”.

online.baki-xeber.com

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO