Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hesabat konfransı keçirib

Tədbirdə şuranın sədri Azay Quliyev ötən hesabat dövrünün QHT-lər üçün uğurlu olduğunu diqqətə çatdırıb və deyib ki, 2011-ci ildə şuranın müxtəlif vaxtlarda keçirdiyi 4 maliyyə yardımı müsabiqəsində 350-dən artıq QHT layihəsi dəstəklənib: “Layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin ümumi həcmi 2 milyon 102 min manat olub. Burada QHT-lər onları narahat edən ictimai, sosial və mədəni problemlər üzrə öz layihələrini təqdim ediblər. Orta icra müddəti 3-4 ay olan bu layihələr cəmiyyətdə demokratik proseslərin daha da dərinləşməsi, qaçqın və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqəsinin sosial ehtiyatlarının ödənilməsi, təhsil, səhiyyə, mədəniyyət məsələləri ilə bağlı problemlərin həlli və ictimailəşdirilməsi üçün faydalı olub”.

A. Quliyev qeyd edib ki, 2011-ci il “Turizm ili” elan edildiyindən bu sahəni əhatə edən təşəbbüslərə ictimai dəstək QHT fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edib: “Müasir turizm sənayesinin inkişafına yardım məsələlərini ehtiva edən 28 QHT layihəsinə şura tərəfindən 110 min manat vəsait ayrılıb. Korrupsiya ilə mübarizə ilə bağlı şuranın xüsusi olaraq elan etdiyi müsabiqə nəticəsində 11 QHT-nin layihəsi dəstəklənib və onlara 50 min manat vəsait ayrılıb”.

A. Quliyev bildirib ki, QHT-lər ABŞ-da və Avropanın müxtəlif bölgələrində Azərbaycanla bağlı təbliğat işinə ciddi töhfələr veriblər: “Avropa dillərində yeni informasiya saytları yaradılıb, kitab və büroşurlar nəşr edilərək yayılıb, konfranslar və sərgilər keçirilib”.

Konfransda Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi qanunla əlaqədar ölkə QHT-ləri adından bəyanat qəbul edilib.

Tədbirdə “2011-ci ildə maliyyələşən layihələr” və “Azərbaycan qeyri-hökumət təşkilatları” kitablarının təqdimatı da keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO