“Qarabağ ” blokunun vahid namizəd problemi: güclərin maraqları toqquşa bilər

“Qarabağ” blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri bu bloka üzv olan Ümid Partiyasının sədri İqbal Ağazadəyə prezident seçkisi ilə bağlı mesaj verib.
“Necə ki, rəsmən namizədlər qeydə alınmayıb, indi özünü namizəd edən istənilən adam namizədliyindən imtina da edə bilər, geri çəkilə də bilər. Yəni elə kim deyib ki, mən prezidentliyə namizəd olacam, o demək deyil ki, elə axıra qədər də namizəd kimi gedəcək”, bunu Trend-ə İqbal Ağazadənin prezident seçkisi ilə bağlı vətəndaşlarla görüşə başlamasına münasibət bildirərkən ADP sədri Sərdar Cəlalaoğlu deyib.
Cəlaloğlu deyib ki, rəhbərlik etdiyi partiyanın prezident seçkisinə öz namizədi ilə getməsi məsələsində fərqli fikirlər var.
“Bizim partiyamızda seçkilərdə iştirakla bağlı iki fikir var. Yoldaşlardan bir qrupu belə hesab edir ki, partiya bu seçkilərə öz namizədi ilə getməlidir. Çünki bir halda ki, müxalifət seçkilərə vahid namizəd ilə getmirsə, artıq burada seçkilərdə ikinci-üçüncü tərəflərin maraqlarının təmin edilməsi məsələsi gündəmdə olacaq. Bu baxımdan biz də bu fürsətdən istifadə edib yararlanaq. Digər bir qrup, o cümlədən mən belə hesab edirəm ki, biz “Qarabağ” blokundakı müttəfiqlərimizlə məsləhətləşib seçkilərə bir namizədlə getməliyik. Hələlik bu müzakirələri partiyada genişləndirməmişik. May ayından başlayaraq bu məsələni dəqiqləşdirəcəyik və çox güman ki, konkret qərarımız da məlum olacaq”, – Cəlaloğlu bildirib.
ADP sədrinin sözlərinə görə, əgər onların partiyası öz namizədi ilə prezident seçkilərinə getsə, onda çalışacaqlar ki, kampaniya zamanı kollektiv təbliğat vasitələrindən fərqli üsul və vasitələr seçilsin. Bu baxımdan partiyada müəyyən ideyaların üzərində iş gedir.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə Trend-ə açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlunun namizəd olması üçün heç bir maneə yoxdur. Ağazadə deyib ki, ADP prezident seçkisinə öz namizədi ilə getsə, onda məsləhtləşmələr aparılacaq və blokun namizədlərinin biri digərinə güzəştə gedəcək.
“Prosedur məsələlər var, Sərdar bəy namizədliyini irəli sürərsə, biz dərhal iki partiya ilə məsləhətləşmələr aparıb, ortaq bir mövqe tapa bilərik. Onun da namizədliyini irəli sürməsi blokun vahid namizədinin müəyyən olunmasına mane olmur”, – Ağazadə deyib.
Qeyd edək ki, artıq Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi irəli sürülüb və artıq vətəndaşlarla görüşlər başlanılıb.
Xatırladaq ki, Azərbaycanda prezident seçkilərinin bu ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO