Prokuror Bakıda vətəndaşları aldadan tikinti şirkətinin vəzifəli şəxslərinə iş istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror dələduzluqda təqsirləndirilən “Kamran B.Ə.” MMC-nin vəzifəli şəxslərinə cəza istəyib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasazda prokuror “Kamran B.Ə.” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev 14 il, müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov 13 il və Rüfət Nağıyevə 11 il, tikinti nəzarətçisi Süleyman Əliyevə 12 il, “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyevə 11 il iş istəyib.

Qeyd edək ki, ittihama görə, “Kamran B.Ə.” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev, müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Yasamal rayonu ərazisində tikilən çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilmiş 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıblar.

İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən “Şaiq” MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunub. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilib, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.

Bundan başqa, “Kamran B.Ə.” MMC vergiödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ələkbər Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO