Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfəri çərçivəsində tikilməkdə olan Konqres Mərkəzində inşaat işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısı mərkəzin planı və gələcək görüntülərini əks etdirən stendlərə baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, 2,8 hektar ərazidə yerləşəcək mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcək. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaq.
Mərkəzin binasında daş hörgü və beton işləri başa çatdırılmış, metal konstruksiyalar quraşdırılıb. Hazırda binanın damı örtülür.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu yeni sosial obyektə gedən yol çay yatağından keçir. Buraya gediş-gəlişi asanlaşdırmaq üçün həmin çay üzərində yeni körpü salınır. Bütövlükdə, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 10 min 200 kvadratmetr olacaq Konqres Mərkəzində yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.