İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt” xidmətinə Bakı şəhəri üzrə Dövlət Yol Polisi əməkdaşlarının yol verdikləri qanunsuz hərəkətlərdən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq problemin həcmini öyrənmək üçün “Qaynar Xətt” xidməti 01.10.2010-cu il tarixdən 31.10.2010-cu il tarixinə qədər Bakı şəhərini əhatə edəcək “Yol Polisi” şərti adı altında aylıq keçirəcəkdir.
Bununla əlaqədar “Qaynar Xətt” xidməti 01.10.2010-cu il tarixdən 31.10.2010-cu il tarixinə qədər vətəndaşlardan Bakı şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi İdarəsinin, həmçinin Bakı şəhərinin ayrı-ayrı rayonlarının Polis idarələrinin yol polisi şöbələrinin əməkdaşlarının qanunsuz fəaliyyəti, rüşvət alma və korrupsiya faktları, əsassız protokolların yazılması, vətəndaşların əsassız incidilməsi ilə bağlı şikayətləri qəbul edəcəkdir. Şikayətlər həm şifahi formada “Qaynar Xətt” xidmətinin 408-30-17 və 408-30-27 saylı telefonlarına zəng vurmaqla, həm də yazılı formada Qaynar Xətt xidmətinə (ünvan: Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev küç. 96 (iş mərkəzinin III mərtəbəsi)) müraciət etmək yolu ilə qeydiyyata alınacaqdır.
Ay ərzində daxil olmuş şikayətlər araşdırıldıqdan sonra hansı rayon, şəhər yol polis şöbələri əməkdaşlarının daha çox qanun pozuntularına yol verdiyi, həmçinin YPX əməkdaşlarının daha çox hansı formalarda qanunları və təlimatları pozduqları barədə əldə olunmuş nəticələr aidiyyatı üzrə dövlət qurumlarına göndəriləcək, ictimaiyyətə və media mənsublarına açıqlanacaqdır.
Qeyd edək ki, “Qaynar Xətt” xidməti bundan əvvəl də bir sıra qurumların fəaliyyəti ilə bağlı müxtəlif aylıqlar keçirmişdir.
27 sentyabr 2010-cu il