Ombudsman “İnformasiya əldə etmək azadlığı” mövzusunda məsləhətləşmə keçirib


Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, informasiya sahibləri olan 32 dövlət orqanının mətbuat xidmətləri rəhbərlərinin və digər müvafiq strukturları təmsilçilərinin iştirak etdiyi tədbirdə Müvəkkilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, məlumat almaq hüququnun qanunvericilik əsasları, qanunun gerçəkləşdirilməsi prosesində dövlət qurumlarının rolu müzakirə olunub.

Ombudsman ölkə Konstitusiyasında təsbit olunmuş hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı olduğunu vurğulamış, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun təkcə jurnalistlərə, KİV nümayəndələrinə deyil, eyni zamanda hər bir vətəndaşa şamil olunduğunu bildirib. O, müzakirə olunan məsələ ilə bağlı Aparatda yaradılacaq yeni şöbə və onun təklif olunmuş struktur bölmələri barədə məlumat verib, buraya hüquqşünaslarla yanaşı, informasiya işini bilən mütəxəssislərin də cəlb olunacağını vurğulayıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “İnformasiya əldə etmək haqqında” qanunda informasiya sahiblərinin üzərinə qoyulmuş vəzifələr və bununla bağlı “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun xüsusiyyətləri barədə danışıb.

İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri A.Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, KİV və ictimaiyyətlə əməkdaşlığı, informasiya sorğularının cavablandırılması sahəsində təcrübəsi, nazirlikdə yaradılmış internet resursları, elektron portallar və sənəd dövriyyəsi, qaynar xətlər barədə məlumat verib.

Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri B.Hüseynzadə informasiya sahibləri olan dövlət qurumlarına ictimai əhəmiyyətli sorğuların ünvanlanmasının, bu sorğuların obyektiv və operativ cavablandırılmasının zəruriliyini önə çəkib. O, adı çəkilən qanunun tələblərinə uyğun olaraq, təmsil etdiyi dövlət qurumunda artıq dörd ildir ki, informasiya məsələləri üzrə ayrıca şəxsin müəyyən edildiyini diqqətə çatdırıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri E.Poluxov təmsilçisi olduğu dövlət qurumunun Ombudsmanla səmərəli əməkdaşlıq əlaqələrini qeyd edib. O, nazirlikdə göstərilən informasiya xidməti ilə bağlı yaradılmış müvafiq struktur bölmələrinin fəaliyyəti barədə danışıb.

Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov hər bir fərdin, o cümlədən KİV nümayəndələrinin informasiya almaq hüququna malik olduğunu söyləyib, Ombudsmanın keçirdiyi silsilə məsləhətləşmələrin əhəmiyyətini qeyd edib. O, dövlət qurumları mətbuat xidmətlərinin dövlətlə KİV, habelə geniş ictimaiyyət arasında əlaqələr yaratdığını diqqətə çatdırıb. O, informasiya sahibləri olan dövlət orqanlarının müvafiq informasiya strukturlarının işinin, həmçinin elektron resurslarının daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri C.Qocayev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mətbuat xidmətinin rəhbəri E.Mirzəyev, Satınalmalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşı E.Səmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri A.Əliyev, Müəllif Hüquqları üzrə Dövlət Agentliyi Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri N.İsayev, Dövlət Statistika Komitəsi Statistik məlumatlar şöbəsinin əməkdaşı A.Əhmədli və digərləri çıxışlarında bu qanunun qəbul edilməsinin mühüm addım olduğunu vurğulayıb, qeyd olunan səlahiyyətlərin Ombudsmana verilməsini müsbət dəyərləndiriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO