Ombudsman AŞPA-nın Bosniya və Herseqovinadan olan üzvlərini qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri, xanım Milica Markoviçi və Sevda Valijevciçi qəbul etmişdir.
Tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil Azərbaycanın bu nüfuzlu beynəlxalq quruma bərabərhüquqlu üzv olduğunu, təsisatın Avropa Birliyinin Şərq Tərəfdaşlığı, Tvinninq və TAİEX layihələri çərçivəsində fəal iştirak etdiyini bildirmişdir. Müvəkkilin Ombudsman haqqında Konstitusiya Qanunu çərçivəsində fəaliyyəti diqqətə çatdırılmışdır.
Müvəkkilə İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər barədə də ətraflı məlumat verilmişdir. Aparatda İşgəncələrin qarşısının alınması şöbəsinin yaradıldığı, Milli Preventiv Qrupun (MPQ) səmərəli fəaliyyət göstərdiyi, azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, həmçinin penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlər, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına başçəkmələr həyata keçirdiyi bildirilmişdir.
E.Süleymanova habelə Ombudsman təsisatının milli səviyyədə dövlət qurumları, icmalar, QHT və KİV-lərlə milli səviyyədə, BMT, Avropa Şurası və Avropa İttifaqı ilə beynəlxalq səviyyədə ikitərəfli əməkdaşlıq əlaqələri qurduğunu vurğulamışdır. Səmərəli fəaliyyətinə görə Ombudsman təsisatının BMT-nin İnsan Hüquqları Şurasının Beynəlxalq Koordinasiya Komitəsi tərəfindən “A” statusuna layiq görülməsi və sonrakı dövrdə yenidən re-akkreditasiya olunması diqqətə çatdırılmışdır. Bu statusun Ombudsman təsisatına BMT-nin Saziş qurumlarına, eləcə də İHŞ-na Hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, alternativ hesabatlar hazırlamaq və insan hüquqları sahəsində dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətləri verdiyi bildirilmişdir.
Qeyd edilmişdir ki, Müvəkkil UDİ mexanizmi üzrə Hökumətin hesabatına əlavə olaraq özünün məruzəsini hazırlamış və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərmişdir. UDİ üzrə rəsmi hesabatda isə bu sənədin hazırlanmasında Müvəkkilin də fəal iştirak etdiyi, UDİ üzrə fəaliyyətinin müsbət təcrübə kimi dəyərləndirildiyi xüsusi vurğulanmışdır.

Müvəkkilin ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirdiyi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, insan hüquqları sahəsində beynəlxalq konvensiyaların milli qanunvericilik aktlarına uyğunlaşdırması sahəsində təkmilləşdirməsi üzrə təkliflər verilməsi Ombudsmanın fəaliyyətində mühüm istiqamətlərdəndir. “Təhsildə ayrı-seçkiliyin qadağan edilməsi” Konvensiyasının ölkəmiz tərəfindən imzalandığı və ratifikasiya edildiyi diqqətə çatdırılmışdır. Ombudsmanın Cismani cəza ilə bağlı qanun layihəsinin qəbul edilməsi barədə Milli Məclisə müraciət etdiyi vurğulanmışdır. Cismani cəza və Yuvenal Ədliyyə ilə bağlı qanun layihələrinin yaxın vaxtlarda parlamentdə müzakirəsinin gözlənildiyi nəzərə çatdırılmışdır.
Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, Müvəkkilin bu konvensiyanın Milli Məclis tərəfindən ratifikasiya edilməsini, həmçinin “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da Ombudsmana həvalə edilmişdir.
Ombudsman vurğulamışdır ki, «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair» 2009-2010, 2011 və 2012-ci illər üzrə hesabat Azərbaycan və ingilis dillərində nəşr olunaraq təsisatın saytında yerləşdirilmiş, ictimaiyyətə və ixtisaslaşmış beynəlxalq qurumlara təqdim olunmuş, bu sahədə fəaliyyət müsbət dəyərləndirilmişdir.

Təsisatın fəaliyyətində insan hüquqları sahəsində maarifləndirmə işinə də böyük diqqət yetirildiyi insan hüquqları üzrə çoxsaylı nəşrlərin hazırlandığı, habelə ingilis dilindən çevrilərək çap olunduğu və yayıldığı vurğulanmışdır.

Xanım Milica Markoviç təmsil etdiyi ölkədə-Bosniya Herseqovinada Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyət göstərdiyini diqqətə çatdırmış, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirmişdir. O, Müvəkkilin zəngin təcrübəyə malik olduğunu, təmsil etdiyi qurumun onunla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.
Qonaqlar səmimi qəbul, ətraflı məlumat və faydalı fikir mübadiləsi üçün E. Süleymanovaya təşəkkür etmişlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO