Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanasında və polis bölmələrində olublar

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına və DİN Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4 və 7, Əzizbəyov RPİ-nin 1 və 2-ci polis bölmələrinə və bu polis idarəsinin müvəqqəti saxlanma təcridxanasına (MST) baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin nümayəndələri həmin müəssisələrdə saxlanılan şəxslərlə görüşüb söhbət aparıb, onlara hüquqlarını izah ediblər. Görüş zamanı həmin şəxslər saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini qeyd etmiş, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyiblər.

Aparatın əməkdaşları 3 saylı istintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4 maddəsi ilə saxlanılan və hazırda aclıq aksiyası keçirən İ.R. ilə görüşüblər. Söhbət zamanı o, Nərimanov rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi tərəfindən barəsində açılmış cinayət işinin qeyri-obyektiv aparılmasına və yekunlaşdırılaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilməsinə etiraz olaraq aclıq aksiyasına başladığını və məhkəməyə getməkdən imtina etdiyini bildirib.

Müvəkkilin nümayəndələri həmin şəxsə səhhətinə ziyan vuran aclıq aksiyasını dayandırmağı tövsiyə ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO