Ənvər Məmmədxanlının 100 illik yubileyi keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, milli ədəbiyyatımızın inkişafı sahəsində mühüm xidmətlər göstərmiş Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2013-cü ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlının anadan olmasının 100 illiyi tamam olur.
Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərib.
Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO