Novruz Məmmədov: Beynəlxalq birliyin qətiyyətli, konkret, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn mövqeyi yoxdur

“Dünyanın bütün beynəlxalq təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə bağlı tələbləri ortaya qoyulsa da, bununla bağlı hələlik beynəlxalq birliyin qətiyyətli, konkret, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn mövqeyi yoxdur. Çox təəssüflər olsun”. Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.

N.Məmmədovun fikrincə, bu, dünyada beynəlxalq münasibətlərdə hökm sürən ədalətsizliyin bariz nümunəsidir: “Bu gün təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə çatışmayan mühüm bir şey varsa, o da ədalətdir. Həm dövlətlərarası, həm beynəlxalq münasibətlərdə sözdə, bəyanatlarda, kitablarda, çıxışlarda ədalət haqqında danışılır, amma real proseslərdə bu, yoxdur. Bunu ən böyük nümayiş etdirən faktorlardan biri budur ki, bizim ərazilərimiz – Dağlıq Qarabağ və ətrafında olan 7 rayon artıq 20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır”.

PA rəsmisi beynəlxalq dairələri Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkününün insan hüquqlarının pozulmasına baxmayaraq, bu barədə susmaqda ittiham edib: “Mən demirəm Azərbaycanda hər şey ideal formadadır. Müəyyən məsələlər ola bilər. Hər hansı insanla bağlı, adicə küçədə baş verən hadisə ilə bağlı bir şey olanda müxtəlif tərəflərdən hay-küy qaldırırlar ki, bu adamın hüquqları pozulub. Əgər bu tərəflər, bu dairələr doğrudan da, insan hüquqlarından danışmaq istəyirlərsə, ona hörmət etdiklərini bildirmək istəyirlərsə, onda Azərbaycanın 1 milyondan artıq, 20 ildən çox bir müddətdə bütün fundamental hüquqlardan məhrum olmuş köçkün və qaçqınları haqqında sözünü desinlər. Təəssüflər olsun ki, bunu da demirlər. Bax, bu, dünyanın bir daha ədalət anlayışına yanaşmasının mahiyyətini ortaya qoyur”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO