“Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun kommentariyası nəşr olunub


Azərbaycan Hüquqşünasları Konfederasiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avrasiya Hüquqşünaslar Assosiasiyasının birgə əməkdaşlığı nəticəsində hazırlanmış 132 səhifəlik kommentariyanın müəllifi Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevdir.

Konfederasiyadan verilən məlumata görə, kitabın nəşri BMT-nin Əhali Fondu tərəfindən Avrasiya Hüquqşünaslar Assosiasiyasına ayrılan və Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən Amerika Hüquqşünaslar Assosiasiyasına ayrılan qrant vəsaitləri hesabına maliyyələşdirilib.

Kitabda “məişət zorakılığı” termininin anlayışı, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq-normativ aktların xüsusiyyəti, habelə xarici ölkələrin və Azərbaycan təcrübəsinin təhlili ilə yanaşı, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun maddələrinə dair kommentariya verilib.

Kitab 4000 tirajla Azərbaycan dilində nəşr olunaraq bütün hüquq mühafizə orqanlarının akademiyalarında və hakimlər, vəkillər, prokurorlar arasında qanunun düzgün başa düşülərək tətbiq olunması məqsədi ilə yayılacaq.

Kitabın elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, rəyçilər – siyasi elmlər doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, hüquq elmləri doktoru, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, hüquq üzrə fəlsəfə doktoru, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun Vətəndaş və siyasi hüquqlar şöbəsinin müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilovdur.

Həyata keçirilən layihənin koordinatoru Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədr müavini Xanlar Ağalarovdur.

Kitab hüquq fakültələrinin müəllim və tələbələri, habelə, dövlət təşkilatlarının və idarələrinin əməkdaşları və gender bərabərliyi sahəsinə maraq göstərən geniş oxucu auditoriyasına tövsiyə edilir. Kitab pulsuz yayılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO