Misirdə “Heydər Əliyev və Azərbaycanın siyasi və iqtisadi inkişaf modeli ” mövzusunda seminar-simpozium keçirilib

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Qahirə Universitetinin İqtisadiyyat və siyasi elmlər fakültəsinin tələbələri üçün “Heydər Əliyev və Azərbaycanın siyasi və iqtisadi inkişaf modeli” mövzusunda Qahirə şəhərində seminar-simpozium keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, seminar çərçivəsində tələbələrə Heydər Əliyevin həyat və yaradıcılığı, müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər və belə bir tarixi zamanda Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıtması barədə məlumat verilib.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddət ərzində ölkədə siyasi və makroiqtisadi sabitliyin təmin olunduğu, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasının qoyulduğu və insan hüquqları, demokratikləşdirmə və iqtisadi sahədə fundamental işlərin görüldüyü və köklü islahatların aparıldığı və xarici sərmayənin cəlb edilməsi üçün əlverişli mühitin yaradıldığı qeyd olunaraq, 1993-cü ilə aid makroiqtisadi göstəricilərlə 2013-cü ilin rəqəmləri arasında müqayisə aparılıb və Azərbaycanın əldə etdiyi nailiyyətlər simpozium iştirakçılarının diqqətinə çatdırılıb.
Qısa müddət ərzində Azərbaycanda əldə olunmuş siyasi sabitlik və təhlükəsizlik, xalqın siyasi liderin ətrafında birləşməsi, iqtisadi inkişaf, sosial, elm-təhsil və humanitar sahədə əldə olunmuş uğurlar və keçid dövrünü uğurla başa vuraraq, Azərbaycanın orta səviyyəli gəlirli ölkələr siyahısına çıxması və inkişaf etmiş dövlət statusunu əldə etmək kimi qarşısına məqsəd qoyması tələbələrin xüsusi marağına səbəb olub.
Simpozium çərçivəsində tələbələrin Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın siyasi və iqtisadi inkişaf modelinin müxtəlif aspektləri, konstitusiyanın hazırlanması prosesi, demokratik islahatların aparılması və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması kimi hazırda Misir üçün də aktual olan problemlər barədə çoxsaylı sualları cavablandırılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan haqqında sənədli film nümayiş etdirilib və tələbələrə kitablar və digər çap materialları verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO