Minsk metrosunda terror: 12 ölü, 149 yaralı

Terror aktı nəticəsində ölənlərin sayı 12-yə, yaralananlar isə 149-a çatıb.
Dövlət Təhlükəsizlik Komitəsi (DTK) isə artıq terrorun təşkilatçılarının müəyyənləşdirildiyini açıqlayıb. Lakin söhbətin kimdən və ya hansı təşkilatdan getdiyi açıqlanmır. «Partlayışın mümkün təşkilatçıları haqda məlumat əldə edilib. Onların axtarışı həyata keçirilir», – deyə DTK rəsmisi bildirib.

Belarusun paytaxtı Minskin metrosunda, “Oktyabrskaya” stansiyasında aprelin 11-də partlayıcı qurğu işə salınıb. İlkin məlumatlara görə, platformadakı skamyanın altına trotil ekvivalentində 5-7 kq olan qurğu qoyulubmuş.

Dəmir qırıntıları ilə “yüklənmiş” qurğunun partlayışı nəticəsində platformada 1 metr diametrində çuxur yaranıb. Daxili işlər naziri Anatoli Kuleşyov Belarus prezidenti Aleksandr Lukaşenkoya bildirib ki, partlayış zamanı orada 300-ə yaxın sərnişin olub.
Minsk metropolitenindəki partlayışda 11 nəfər həlak olub, 126 nəfər yaralanıb. Yaralıların 22-si ağır vəziyyətdədir.

Belarusun Baş Prokurorluğu Minsk metropolitenindəki partlayışı terror aktı sayıb.
Teraktın araşdırılmasında Belarusa Rusiya, İsrail və Britaniya yardım təklif edib.
Aprelin 13-də Minskdə rəsmi matəm elan ediləcək. Metrodakı partlayış qurbanları 13-15 aprel tarixlərində dəfn olunacaqlar.

Belarus prezidenti Aleksandr Lukaşenko dünən keçirdiyi fövqəladə toplantıda çıxış edərkən güc strukturlarından ölkədə təhlükəsizlik tədbirlərini maksimal dərəcədə artırmağı tələb edib.

“Hər şeyi araşdırın. Xüsusilə də rəsmi qeydiyyata alınmamış silah, partladıcı maddələr və döyüş sursatlarını tapın”, – prezident deyib.

O, metroda partlayış törətmiş terrorçuları ən qısa zamanda tapmağı tapşırıb və teraktın araşdırılmasını bilavasitə Belarus Dövlət Təhlüəsizlik Komitəsinin sədri Vadim Zaytsevə həvalə edib.

“Bütün ölkəni ələk-vələk edin! Ölkədə stabillik və sakitlik kimin xoşuna gəlmir? Kim Belarusda stabillik istəmir?! Terrorçular sakit yaşamağımıza imkan verməyəcəklər. Və siz onların kim olduqlarını bilirsiniz”, – Lukaşenko deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO