Milli Məclisin Aparat rəhbəri: “Azərbaycan Avropa Şurası qarşısında öhdəliklərini tam yerinə yetirməyincə, monitorinq olacaq”

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti haqqında açıqlama verib. APA-nın xəbərinə görə, parlament Aparatının rəhbəri Azərbaycanın Avropa Şurasının monitorinqi altından çıxmasının çətin olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycandan əvvəl quruma üzv olan bəzi ölkələr hələ də monitorinq altındadırlar: “O vaxta qədər ki, biz üzərimizə götürdüyümüz öhdəlikləri tam yerinə yetirməmişik, monitorinq də olacaq. Öhdəliklər sırasında yerinə yetirilməmiş iki əsas qanun qalıb. Bunlardan biri “Alternativ xidmət haqqında” qanun layihəsi, biri isə “Milli azlıqların dilləri haqqında” Konvensiyanın ratifikasiyasıdır. Birinci qanun layihəsi ilə bağlı məsələ aydındır. Müharibə vəziyyəti davam etdiyi müddətdə bu qanunun qəbulu məqsədəuyğun hesab olunmur.

İkinci məsələ ilə bağlı bu yaxınlara qədər müəyyən maliyyə problemləri var idi. Çünki bu konvensiya təsdiq olunandan sonra dövlət böyük vəsaitlər ayırmalıdır ki, Azərbaycanda yaşayan hər milli azlığının özünün məktəbi, televiziyası, kitabı olsun. Bizdə ötən ilə qədər vəziyyət yaxşı idi və fikirləşirdik ki, bu problemləri tezliklə həll edəcəyik. Lakin maliyyə böhranı bu məsələləri bir qədər ləngidir. Yəqin bununla bağlı da problem olmayacaq. Bundan başqa, məhkəmə sisteminin qurulması ilə bağlı da müəyyən öhdəliklər qalıb. Bunlar tədricən həll olunacaq. Bu, bir yarış deyil ki, kimin finişə tez çatdığını fikirləşəsən. Hər şeyi vaxtında etmək lazımdır. Bu məsələlərdən nə əhali əziyyət çəkməli, nə də dövlətin maraqlarına xələl gəlməlidir”.

Avropa Şurası baş katibinin bloqqerlərin həbsi ilə bağlı verdiyi bəyanata toxunan S. Mirzəyev beynəlxalq təşkilatlar tərəfindən bu cür məsələlərin vaxtaşırı meydana çıxdığını deyib: “Lakin sonra məsələ ətraflı öyrəniləndən sonra məlum olur ki, burada söhbət adicə kriminaldan gedir. Harada olursa-olsun, kriminal törədən şəxslər cəzalandırılmalıdır. Biz həmin bəyanatdan xəbərdarıq və bununla bağlı müəyyən iş aparılır. Hadisənin əsl mahiyyəti haqqında Avropa Şurasının həmməruzəçilərinə məlumat veriləcək”.

Milli Məclisdə Qarabağ və Avropaya inteqrasiya komitələrinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirən Aparat rəhbəri bunlardan birinin komissiya formasında fəaliyyət göstərməsinin mümkün olduğunu deyib:

“Prinsipcə, Avropaya inteqrasiya ilə bağlı qurum yaradılması lazımdır. Bunun komitə formasında olması vacib deyil. Nizamnaməyə görə, deputat ancaq bir komitənin üzvü ola bilər. Adam yığmaq üçün biz gərək hansısa komitələrdən kimisə çıxaraq. Bu da həmin komitələrin işinə təsir göstərə bilər. Lakin daxili nizamnaməyə görə biz komissiya yarada bilərik. Bu komissiyaya müxtəlif komitələrin üzvü olan deputatlar qoşula bilərlər. Yəni burada qanunvericilikdən yox, siyasi kursun müzakirəsindən söhbət gedir. Qarabağa aid komitə isə məncə yazım deyil. Qarabağla bağlı bizdə hələlik heç bir qanunvericilik hazırlanmır. Komitənin isə əsas işi qanunvericilikdir. Belə olan halda bu komitənin işi nədən ibarət ola bilər? Qarabağ probleminin müzakirəsindən söhbət gedirsə, bu məsələyə bütün komitələrdə münasibət bildirilir” .

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO