Milli Məclisdə Azərbaycan Ombudsmanın məruzəsi qəbul edilib

Elmira Süleymanovanın fəaliyyəti yüksək qiymətləndirilib

Bu gün Milli Məclisdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova “Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2008-ci il üzrə məruzəsini təqdim edib. APA-nın xəbərinə görə, 7 illik fəaliyyətinə yekun vurmaqda olduğunu söyləyən E. Süleymanova bildirib ki, müvəkkilliyi dövründə ünvanına 42 min 260, təkcə 2008-ci ildə isə 8 min 600 müraciət daxil olub. Onların 93 faizi, 2008-ci ildə olan müraciətlərin isə 86,6 faizi şikayət xarakterli olub. Ombudsman bildirib ki, ünvanına daxil olan bəzi müraciətlərdə faktlar əksini tapmayıb, bəziləri anonim olub, bir sıra şikayətlər isə Ombudsman təsisatının səlahiyyətlərinə aid olmayıb. Bu şikayətlərin 52,6 faizi, ötənilki şikayətlərin isə 51,2 faizinə baxılmaqdan imtina edilib. Ümumi müraciətlərin 47,4 faizi, ötənilki müraciətlərin isə 48, 8 faizi baxılmaq üçün icraata götürülüb. E. Süleymanova deyib ki, 2003-2008-ci illərdə icraata qəbul edilən şikayətlərin 35,7 faizi, 2008-ci ildəki şikayətlərin isə 43,3 faizi təmin edilib. O, şikayətlərin bir çoxunun vətəndaşların üzləşdikləri bürokratik əngəllər, süründürməçilik və məmur özbaşınalıqları ilə bağlı olduğunu vurğulayıb. E. Süleymanova Ombudsmana edilən müraciətlərin sayının çoxalmasını əhalidə təsisata olan inamın artması ilə əlaqələndirib.

Daha sonra məruzə ətrafında müzakirələr başlayıb. Millət vəkili Siyavuş Novruzov deyib ki, Ombudsmanın məruzəsi yüksək səviyyədə hazırlanıb. Deputat bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı hesabat hazırlayan zaman ayrı-ayrı yerlərdən məlumat almaq əvəzinə, Ombudsmanın hesabatından yararlanmalıdırlar. O, Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin bəzilərinin korrupsiya ilə məşğul olduqlarını da açıqlayıb: “O adamların arasında erməni mənşəli, Azərbaycan dövlətinin əleyhinə olanlar var. Necə olur ki, jurnalisti pul alan yerdə həbs edirlər, sonra isə bəzi hüquq müdafiəçiləri onun azadlığa buraxılmasını tələb edirlər?”

S. Novruzov qətlə yetirilən jurnalistin qatilinin tapılmamasına görə Azərbaycanın ittiham edildiyini qeyd edərək, “Amma unudurlar ki, Amerikanın özündə bu günə kimi açılmayan cinayət hadisələri olub. ABŞ prezidenti olmuş Con Kennedinin də qətlinin üstü bu günə kimi açılmayıb”, – söyləyib.

Deputat Mübariz Qurbanlı isə çıxışında Azərbaycanda insan hüquqları ilə bağlı çox ciddi işlər görüldüyünü vurğulayıb.

Millət vəkili Rəfael Cəbrayılov məruzənin yüksək səviyyədə hazırlandığını, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində son illər irəliləyişlər olduğunu diqqətə çatdırıb. O, martın 18-də keçiriləcək referendumun aktı layihəsində də insan hüquqlarının qorunması baxımından önəmli müddəaların olduğunu qeyd edib.

MM-in vitse-spikeri Bahar Muradova çıxışında Ombudsmanın məruzəsini və Elmira Süleymanovanın Müvəkkil kimi fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra spiker Oytay Əsədov məruzə ilə bağlı fikirlərini bildirib. O, E. Süleymanovanın fəaliyyətini yüksək qiymətləndirərək ona təşəkkür edib.
O. Əsədov Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbus problemi üzrə məruzəçi təyin etməklə bağlı aparılan müzakirələrə də münasibət bildirib. Azərbaycanda siyasi məhbus olmadığını, ölkədə insan hüquqlarının qorunduğunu qeyd edən spiker bildirib ki, AŞ PA-nın məruzəsi təyin etməsinə ehtiyac yoxdur: “Bizə xaricdən müxalifət lazım deyil, biz öz içimizdə özümüzə müxalifətik”.

Spiker MM-in məruzəni qəbul etməsini təklif edib. Bu isə müxalifətdən olan deputatların
etirazına səbəb olub, onlar məruzə ilə bağlı çıxış etmək istədiklərini bildiriblər. Millət vəkili Pənah Hüseyn ayağa qalxaraq söz istəyib. P. Hüseyn “Elmira xanımı qadın kimi yüksək qiymətləndiririk. Lakin Azərbaycanda insan hüquqları ilə bağlı böyük problemlər var”, deyib.

Buna baxmayaraq, məruzə səsə qoyularaq qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO