Litvanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib


Parlamentin bir neçə üzvünün Dağlıq Qarabağla dostluq qrupunun yaradılmasına dair təşəbbüsü Seymin və Litva hökumətinin rəsmi mövqeyini ifadə etmir. Bunu bazar ertəsi xarici işlər nazirinin müavini Xələf Xələfovla görüshde Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskas deyib.
Görüşdə nazir müavini Xələf Xələfov Litva Seymində “Dağlıq Qarabağ Respublikası” ilə parlament dostluq qrupunun yaradılmasının Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını bildirmişdir.
Nazir müavini səfirin diqqətinə çatdırmışdır ki, Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ ilə ayrıca dostluq qrupunun yaradılması nəinki Azərbaycan qanunvericiliyinin, eləcə də beynəlxalq hüququn kobud pozulması faktıdır. Xələf Xələfov bəzi litvalı deputatlar tərəfindən atılan bu addımın Azərbaycanla Litva arasında münasibətlərin mövcud vəziyyətinə uyğun gəlmədiyini, həmçinin, ikitərəfli əlaqələrə kölgə saldığını təəssüflə qeyd etmişdir. Nazir müavini bu addımın Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması, eyni zamanda separatçılığın dəstəklənməsi və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirildiyini bildirmişdir.
Səfir Arturas Jurauskas rəsmi Bakının narahatçılığını başa düşdüyünü, Azərbaycanın mövqeyini öz hökumətinə çatdıracağını bildirmişdir. Səfir, həmçinin, qeyd etmişdir ki, ölkəsinin qanunvericiliyinə görə Litva parlamentinin hər bir üzvünün təşəbbüs irəli sürmək hüququ vardır. Parlamentin bir neçə üzvünün Dağlıq Qarabağla dostluq qrupunun yaradılmasına dair təşəbbüsü Seymin və Litva hökumətinin rəsmi mövqeyini ifadə etmir.
Nazir müavini Xələf Xələfov bu cavabın Azərbaycanı qane etmədiyini, həmin deputatların Litva Respublikasının qanunvericilik hakimiyyətini təmsil etdiklərini, xüsusi statuslu rəsmilər olduqlarını və qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndələri ilə şəxsi əlaqə deyil, parlament səviyyəsində dostluq qrupu yaratdıqlarını bir daha səfirin nəzərinə çatdırmışdır.
Xələf Xələfov bildirmişdir ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.
Nazir müavini Xələf Xələfov Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskasa etiraz notası təqdim edərək, məsələnin araşdırılacağına və Litva tərəfinin bu halın aradan qaldırılması istiqamətində tədbirlər görəcəyinə ümid etdiyini bildirmişdir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO