Əli Əhmədov: “Son vaxtlar İran tərəfdən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olub”

Əli Əhmədov: “Son vaxtlar İran tərəfdən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olub” Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O buna münasibətinin mənfi olduğunu bildirib: “Azərbaycanın heç vaxt qonşumuz İranın daxili işlərinə qarışmaq niyyəti olmayıb, bu gün də belə addımlar atılmır, gələcəkdə də Azərbaycan tərəfdən belə addımların atılması gözlənilə bilməz. Eyni münasibəti biz qonşu dövlətlərdən, eyni zamandan İrandan gözləyirik. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşu olmasına baxmayaraq, bir sıra hallarda, bir sıra KİV-də Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri aydın hiss olunur. Azərbaycan vətəndaşları – istər ölkədəki, istər xaricdə yaşayanlar – buna həssaslıqla yanaşaraq öz münasibətlərini bildiriblər. Bir sıra yerlərdə, o cümlədən İranın Bakıdakı səfirliyi qarşısında aksiyalar keçiriblər. Mən bu aksiyaları tamamilə normal sayıram. Hesab edirəm bu, eyni zamanda Azərbaycan vətəndaşlarının İranın müvafiq dairələrinə etiraz mesajları kimi qəbul olunmalıdır ki, bu kimi hallara son qoyulsun”.

Ə. Əhmədov deyib ki, İran və Azərbaycan qonşu olmaqdan savayı, bir sıra digər amillərlə də bir-birinə bağlıdırlar: “İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır. Təbii ki, bu amil bizim münasibətlərimizin xarakterini, mahiyyətini müəyyənləşdirir. Hesab edirəm ki, İran tərəfdən Azərbaycana qarşı hər hansı hörmətsizliyin edilməsi, ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərinin göstərilməsi, İran KİV-ində Azərbaycanın aşağılanması kimi xoşagəlməz hallara yol verilməsi bir tərəfdən qonşu Azərbaycan dövlətinə sayğısızlıqdırsa, digər tərəfdən İranda yaşayan çoxlu sayda azərbaycanlıya hörmətsizlikdir. Əgər İran KİV-i öz vətəndaşları olan azərbaycanlılara hörmətlə yanaşsaydı, Azərbaycan dövlətinə belə münasibət ifadə etməzdi. İranda çoxlu sayda azərbaycanlının yaşaması İran-Azərbaycan münasibətlərində xüsusi məqam kimi qeyd edilməlidir. Mən bununla bağlı misal da çəkə bilərəm. Ola bilsin ki, bu misalı bəziləri düzgün qəbul etməyəcək. Ancaq reallıq budur ki, Fransanın Ermənistana ənənəvi xoş münasibətinin formalaşmasında Fransa hökumətinin və müvafiq qurumlarının orada yaşayan erməni vətəndaşlarına hörməti öz rolunu oynayıb. Heç olmasa, bundan nümunə götürməklə İran hökumət dairələri, müvafiq qurumları, KİV öz vətəndaşları olan azərbaycanlılara hörmət nümunəsi kimi Azərbaycan dövlətinə hörmətsizlik etməsin, əksinə, hörmət göstərsinlər. Mən ən azından bu münasibətin İranın müvafiq qurumları və KİV-i tərəfindən sərgilənməsini arzu edirəm. Orada əhalinin yarısını azərbaycanlılar təşkil edir. İranın müvafiq qurumları öz vətəndaşlarının yarısına hörmətsizlik göstərməklə, düzgün addım atmırlar”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO