Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfəri çərçivəsində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, digər bölgələrdə olduğu kimi, Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Rayonun Qaradeyin kəndi ərazisində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun fəaliyyətə başlaması həmin tədbirlərin davamlılığından xəbər verir. Zavonun təsisçisi olan “Aspi Agro” MMC-nin əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.
“Aspi-Aqro” MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “GONTARD FRERES” şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salmışdır. Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, illik temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilmişdir. Seçilmiş növlər üzrə yüksək keyfiyyətli üzüm tingləri gətirilmiş və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilmişdir. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınmışdır. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. Şirkət yerli və xarici sərgilərdə öz məhsulları ilə iştirak edir, müxtəlif medal və nominasiyalar üzrə təltif olunur.
Məlumat verildi ki, Qəbələ rayonundakı üzüm emalı müəsissəsinin tikintisinə 2010-cu ilin iyul ayında başlanmışdır. Obyektin layihəçisi “Sülaco” MMC, podratçısı “Aspi-Aqro” MMC-nin müşavirlik və mühəndislik müəssisəsidir. Diqqətə çatdırıldı ki, müəssisədə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin Azərbaycanda kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişafındakı xidmətlərini və Prezident İlham Əliyevin müxtəlif illərdə Qəbələ rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır.
Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesini izlədi.
Qeyd edildi ki, “Aspi Winery” üzüm emalı müəssisənin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur “DELLA TOFFOLA” şirkətinin avadanlığı ilə təchiz olunmuşdur. Hazırda burada 7 növ məhsul (“Chardonnary” , “Viognier”, “Syrah”, “Cabernet-Merlot”, “Limited- Release”, “Merlo-Desert”, “Reasling”) və konyak məhsulları, üzüm arağı “GRAPPA” da istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır. Müəssisədə şərabların təkrarolunmaz çalarlarının yaradılması üçün ən müasir texnologiyadan, İtaliyanın keyfiyyət ənənələrindən və Qəbələnin incə tamlı üzümündən istifadə olunur.
Bildirildi ki, “Savalan” şərablarını məşhurlaşdıran hər şeydən əvvəl ideal coğrafi və iqlim şəraitidir. Belə şəraitdə yetişmiş üzüm özünəməxsus xüsusiyyətlərə malik autentik şəraba çevrilir. Bu, əsrlərlə formalaşan ənənələrin və müasir şərabçılıq meyillərinin ahəngidir. Əllə yığılan üzüm və onun plantasiyanın yaxınlığında tikilmiş, müasir avadanlıqla təchiz olunmuş zavodda şərab məhsulları ən yeni mexanikləşdirilmiş texnologiyaların köməyi ilə emal edilir. Bundan başqa, şərablar İtaliyanın yüksək ixtisaslı texnoloqu Daniel Anderanın rəhbərliyi ilə istehsal olunur. Şərabın hərtərəfli yoxlanması avropalı ekspert Ermanno Murari tərəfindən həyata keçirilir. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları Rusiyaya ixrac olunur. Şərabların gələcəkdə Ukrayna, İtaliya, İsveç kimi ölkələrə ixrac edilməsi də planlaşdırılır.
Prezident İlham Əliyev müəssisədə bütün saxlama qaydalarına cavab verən şərab anbarına baxdı. Anbarda minimum ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, zəruri mikromühit mövcuddur. Məhsullar Fransadan və İtaliyadan alınan yüksək keyfiyyətli palıd çəlləklərdə və palıd çənlərdə saxlanılır. Məhsulun belə çəlləklərdə saxlanması bərk zərrəciklərin çəlləyin dibinə çökməsinə səbəb olur ki, onları da oradan təmizləmək asanlaşır. Bundan əlavə, palıd çəlləklərdə saxlanılan əksər şərablar sadə içkini nəfis şəraba çevirməyə qadir xüsusi ətir verir.
Məlumat verildi ki burada muzey də fəaliyyət göstərir. Muzeydə “Qədim Qəbələ”, “Azərbaycanda qədim şərabçılıq” və “Şərabçılığın xronolgiyası: XIX-XX əsrlər” posterləri, Qəbələdə arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlar və elektron köşk vardır. Ümummilli lider Heydər Əliyevə, Prezident İlham Əliyevə həsr olunan, üzümçülük və şərabçılığın tarixi ilə bağlı kitablar və stendlər də nümayiş etdirilir, emal olunan məhsullar sərgilənir.
Prezident İlham Əliyev muzeydə üzümçülüklə bağlı sənədli filmə baxdı.
Bildirildi ki, zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılmışdır. İstehsal olunan məhsullar İngiltərədən alınan, MDB məkanında yalnız bu müəssisədə olan “FOSS” şirkətinin “WineScan FT” lazer analiz aparatı ilə yoxlanılır. Bu aparat kimyəvi preparatlarsız işləyir ki, bu da bir dəqiqəyə şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboratoriyalarda bu cür analizlər iki həftədən çoõ vaxt aparır. Belə bir avadanlığın olması üzüm şirəsində şəkərin səviyyəsinin təyinindən tutmuş şərabın fermentasiyasının nəzarətinə qədər bütün mərhələlərdə şərabın istehsalına nəzarət etməyə imkan verir.
Məlumat verildi ki, “Aspi Winery” üzüm emalı müəssisəsi hazırda layihə gücünün 20-30-i həddində fəaliyyət göstərir. “Aspi-Aqro”ya məxsus 340 hektar üzüm sahəsində İtaliyadan gətirilən 22 şərab sortu, 14 süfrə sortu üzümləri əkilmişdir. Həmin sahədə becərmə işləri ilə 200 nəfər mövsümi işlə təmin edilmişdir. Ən başlıcası isə bu müəssisə Qəbələ rayonunda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayacaqdır.
Prezident İlham Əliyev dequstasiya otağı ilə də tanış oldu.
Dövlətimizin başçısı kollektivə uğurlar arzuladı, müvafiq tapşırıq və tövsiyələrini verdi.