Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul edib.
Prezident İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti iclasının uğurlu keçəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı bu cür tədbirlərin dost ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən informasiya siyasəti və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın genişlənməsi istiqamətində önəmli hadisə kimi dəyərləndirdi. Müasir dövrdə informasiya təhlükəsizliyinin enerji və ərzaq təhlükəsizliyi məsələləri ilə yanaşı müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı islahatların uğurla həyata keçirildiyini, bu istiqamətində məqsədyönlü tədbirlərin ardıcıl olaraq davam etdirildiyini vurğuladı.
İnformasiya əldə etməyin hər bir vətəndaşın hüququ olduğunu deyən Prezident İlham Əliyev informasiyanın mötəbərliyi və onun obyektivliyinə görə kütləvi informasiya vasitələrinin böyük məsuliyyət daşıdığını vurğuladı. Dövlətimizin başçısı təəssüflə bildirdi ki, bəzən siyasi prioritetlərə, dünyagörüşünə, siyasi məqsədlərə görə informasiya ya təhrif olunmuş, ya da birtərəfli şəkildə verilir. Dünya ictimaiyyətinin diqqətini cəlb edən informasiyalar və onların bəzi kütləvi informasiya vasitələri tərəfindən çatdırılması üsulları buna əyani sübut ola bilər. Buna görə də bu gün vətəndaşlara nəinki təkcə düzgün və mötəbər informasiya, həm də müxtəlif mənbələrdən obyektiv informasiya lazımdır.
Dünyada və cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolunun daim artdığını obyektiv proses kimi dəyərləndirən Prezident İlham Əliyev bununla əlaqədar dost ölkələrin informasiya agentlikləri arasında fəal əməkdaşlığın, həm gerçəkliklərin obyektiv işıqlandırılması, həm də təcrübə və informasiya mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini dedi.
Dövlətimizin başçısı qeyd etdi ki, uzun illər ərzində mövcud olan MDB ölkələri Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurası bu məqsədlərə nail olmaqda vacib rol oynayır.
Ölkəmizdə İKT-nin inkişafının əsas prioritetlərdən olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini, bu yaxınlarda Azərbaycanın ilk süni peykinin orbitə buraxıldığını, həmçinin yaxın zamanlarda İKT sahəsində çalışan yerli və xarici şirkətlərin fəaliyyətini cəmləşdirməyi nəzərdə tutan yüksək texnologiyalar parkının yaradılacağını dedi. Prezident ilham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XVI iclasının kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və əməkdaşlığın daha da genişlənməsi baxımından faydalı və əhəmiyyətli olacağına əminliyini ifadə etdi.
MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının – MDB İnformasiya Şurasının sədri, İTAR-TASS-ın kollegiya sədri Vitali İqnatenko Şura iclasının artıq dördüncü dəfə Bakıda keçirildiyini və tədbirlərin birində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakını məmnunluqla xatırladı. O, Azərbaycanda KİV-in və İKT-nin sürətli inkişafını xüsusi vurğuladı və ölkəmizin kosmik kluba üzv olması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
İTAR-TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov informasiya agentlikləri arasında əməkdaşlığın bütövlükdə həmin ölkələr arasında olan münasibətlərin bir göstəricisi kimi dəyərləndirdi. O, Prezident İlham Əliyevə görüş iştirakçıları adından xatirə hədiyyəsi təqdim etdi.
İTAR-TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən növbəti iclasın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə etdi.